Ağsu qoruğunda seminar
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı və COP29 çərçivəsində mədəni irs üzrə mütəxəssis, ekoloq Gülşən Hüseynovanın “Qlobal iqlim dəyişmələri və onun mədəni irsə təsiri” mövzusunda seminarı keçirilib.
Seminarda Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Fariz Xəlilli, Ağsu Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Tacızadə, AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Qafar Cəbiyev və digər qonaqlar iştirak ediblər.
Gülşən Hüseynova COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti haqqında məlumat verib, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərindən bəhs edib. Həmçinin Xəzərdə suyun səviyyəsinin azalması, səhralaşma prosesi və s. ekoloji problemlərə toxunub.
Mütəxəssis tövsiyə edib ki, qoruq ərazisində kol bitkilərinin və qızıl boya bitkisinin əkilməsinə ehtiyac var, modul tipli suvarma qurğularının tətbiqi vacibdir.
Daha sonra ekoloji məsələlər ətrafında müzakirələr aparılıb.