Noyabrın 7-də daha 30 ailə (150 nəfər) Cəbrayıl şəhərinə köçürülüb. Ailələrə Cəbrayıl şəhərində yeni inşa edilən yaşayış kompleksindəki mənzillərinin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
ANAMA-nın əməkdaşları tərəfindən yeni sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Onlara tanımadıqları əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Qeyd edək ki, Cəbrayıl şəhərinə sakinlərin köçürülməsi sentyabrın 26-da başlayıb. 31 ildən sonra Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb.
İndiyədək şəhərdə 163 ailənin – 583 nəfərin daimi məskunlaşması təmin edilib.