Dəniz Vağzalında sərgi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və “Azərxalça” ASC-nin birgə layihəsi kimi “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi tərtib edilib.
Xəzər dənizinin və hər biri abidəyə çevrilən mayakların tarixini xalçaçılıq sənətinin incə nümunələri ilə əks etdirən sərgi 5 noyabr tarixindən Bakı Limanının mədəniyyət mərkəzi sayılan Dəniz Vağzalında nümayiş olunur.
Kolleksiyaya Bakı Limanının sifarişi ilə “Azərxalça”nın Xaçmaz emalatxanasında toxunan və Xəzər sahilindəki 8 mayakı əks etdirən “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan”, “Kür dili” xalçaları daxildir. “Azərxalça”ya aid “Çələbi”, “Çələbi Bərdə” və “Qasımuşağı” xalçaları da sərgidə təqdim edilir.
Sərgi həm xalçaçılıq sənətinin, həm də Xəzər sahillərində tarix və irs işığı olan mayakların qorunmasının vacibliyini diqqətə çatdırır. Burada Azərbaycanın dənizçilik tarixini əks etdirən və Bakı Limanına aid eksponatlar da yer alıb.
Açılış mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sədri Taleh Ziyadov Azərbaycanın dəniz irsi sayılan mayaklar haqqında qısa məlumat verib. Diqqətə çatdırılıb ki, bu irsin tarixinin qorunub saxlanılması üçün uzunmüddətli araşdırmaları özündə əks etdirən “Mayaklar” adlı kitab da hazırlanıb. Nəşrin hazırlanması zamanı yerli və xarici arxivlərdəki sənədlərdən istifadə edilib.
“Azərxalça” ASC-nin sədri Əməkdar incəsənət xadimi Emin Məmmədov isə COP29 ərəfəsində həyata keçirdikləri layihələrdən söz açıb, həm xalçaçılıq, həm də dənizçilik tarixi baxımından sərginin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Dəniz Vağzalında sərgi ilin sonuna qədər ziyarət üçün açıq olacaq.