Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qanımızla qazanmışıq Zəfəri” adlı tədbir keçirilib.
Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Ümidə Hacıyevanın Qarabağ hadisələri və 44 günlük Vətən müharibəsindən bəhs edən mühazirəsi dinlənilib.
Vətən müharibəsi və işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış haqqında muzey əməkdaşları tərəfindən hazırlanan videoçarxlar nümayiş olunub.
İkinci Qarabağ müharibəsinin iştirakçısı Soltan Cəfərov döyüş əməliyyatlarından, xalqımızın bu çətin, amma şərəfli yolda dəmir yumruq kimi birgə mübarizəsindən danışıb.
Konsert proqramı ilə davam edən tədbirdə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi mahnı və rəqs ansamblının solistləri vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.
Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti, Teatr Muzeyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.