Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün 5-6 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olub.

Noyabrın 6-da TDT-nin zirvə görüşü keçirilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Birgə foto çəkdirilib.

Prezident Sadır Japarov zirvə görüşünü açaraq iştirakçıları salamlayıb. O, çıxışında yaxın günlərdə Bakıda keçiriləcək COP 29 konfransına da diqqət çəkib və bildirib ki, biz Azərbaycan hökumətinə bu mövzu ilə bağlı hər cür dəstək göstərməyə hazırıq.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxışında TDT-nin türk xalqlarını daha da yaxınlaşdırdığını bildirib. O, ortaq türk əlifbasının yaradılması, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Son iki ildə Qırğız Respublikasına üçüncü dəfə səfər etdiyini deyən İlham Əliyev hər səfərində dost ölkənin inkişafında əldə edilən uğurların şahidi olduğunu bildirib.

Dövlətimizin başçısı həmçinin ötən bir ildə TDT-yə uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik edib.

Bu il TDT-nin əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Azərbaycan Prezidenti daha sonra deyib: “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.

Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.

Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”.

Dövlətimizin başçısı vurğulayıb ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa edib: “Ermənistan 30 il davam edən işğal dövründə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.

Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.

Prezident Azərbaycanın yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladaraq bildirib ki, keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür: “Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.

***

Daha sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda yaranan sabitliyin pozulmaması üçün Ermənistanla Azərbaycan arasında sülh razılaşması istiqamətində danışıqların davam etdirilməsinin vacibliyinə toxunub. “Cənubi Qafqazda mövcud olmuş 30 illik münaqişə və qeyri-sabitlikdən sonra sülh və əmin-amanlığa gedən yolun qapıları açılmışdır. Can Azərbaycanın Vətən müharibəsində döyüş meydanında şəhidlər verərək əldə etdiyi tarixi uğurların ən yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə masada da əksini tapmasını ümid və arzu edirik”, – deyə o vurğulayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında Bakıda keçiriləcək COP29-la bağlı Azərbaycan Prezidentinə təbriklərini çatdırıb.

Macarıstanın Baş naziri Viktor Orban çıxışında Azərbaycanın və Türkiyənin ölkəsinin enerji təhlükəsizliyinə töhfə verdiklərini vurğulayıb, qaz təchizatı ilə bağlı hər iki ölkəyə təşəkkürünü bildirib.

TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev təşkilata üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, hazırda təşkilata üzv ölkələr arasında həyata keçirilən layihələrdə müasir texnologiyalardan istifadə, süni intellektin tətbiqi, təhlükəsizlik məsələləri, elektron ticarətin təşkili və reallaşdırılması prioritet istiqamətlərdir.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dili və kökü bir olan türk xalqlarının daha da yaxınlaşması, ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı, tarixi İpək Yolunun yenidən canlanması, təhsil sahəsində yeni əməkdaşlıqların yaradılması, strateji layihələrin həyata keçirilməsi istiqamətində TDT-nin rolunu xüsusi vurğulayıb. Ersin Tatar deyib ki, ŞKTC-nin üzvlüyü ilə Türk dünyasının Aralıq dənizi ilə əlaqələri daha da güclənəcək. ŞKTC-nin dəniz və hava limanları türk dövlətlərinin ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacaq.

***

Sonda zirvə görüşünün sənədləri imzalanıb.

2025-ci ildə TDT-nin 12-ci zirvə görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.

Xatırladaq ki, bundan öncə 2019-cu ildə Bakı türk dövlət başçılarının zirvə görüşünə ev sahibliyi edib. Həmin vaxt qurum Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adlanırdı. 2020-ci ildə pandemiya səbəbindən zirvə görüşü keçirilməyib. 2021-ci ildə İstanbulda təşkil olunan 9-cu zirvə toplantısında Türk Şurası Türk Dövlətləri Təşkilatı adlandırılıb. 2022-ci ildə Səmərqənd (Özbəkistan), 2023-cü ildə Astana (Qazaxıstan) müvafiq olaraq 10-cu və 11-ci zirvə toplantılarına ev sahibliyi edib.