Gələn həftə ən vacib beynəlxalq tədbir olan COP29 başlayır. Baş nazirimiz, xarici işlər katibimiz, enerji təhlükəsizliyi və “xalis sıfır” üzrə dövlət katibimiz və bir sıra digər Britaniya nazirləri, elm adamları, vətəndaş cəmiyyəti nümayəndələri və iş adamları Azərbaycana gələcək. Bir neçə gündən sonra bütün dünyanın ürəyi Bakıda döyünəcək. Britaniya hökuməti olaraq bizim missiyamız aydındır. Missiyamız indi və gələcəkdə hamı üçün yaşanıla bilən planetdir. Bu, olduqca ağır missiyadır.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld bunu noyabrın 7-də ADA Universitetində YOUNGO və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu konfransında (COY19) deyib.
“İqlim dəyişikliyi qida və su qıtlığı, xəstəlik, münaqişə, qeyri-sabitlik, iqtisadi sarsıntılar və insanların yerdəyişməsi ehtimalını artırır. Çağırışımız kollektiv fəaliyyətin razılaşdırılması ilə bağlıdır. Çünki bizim kollektiv təhlükəsizliyimiz və rifahımız bundan asılıdır”, – deyə o bildirib.
Qeyd edək ki, 11–22 noyabr tarixlərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a dünyanın 200-ə yaxın ölkəsindən 50 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. Bu, Azərbaycanın tarixində ev sahibliyi etdiyi ən irimiqyaslı beynəlxalq tədbirdir.