Bayram bayrama qovuşanda gözəl olur...
Ta qədimdən savaşlarda qazanılan qələbələr, fatehlərin zəfərləri göyə ucaldılan bayraqlarla bəyan edilib. Savaş doğma yurdun azadlığı, Vətən torpağının bütövlüyü, milli dövlətin suverenliyi uğrunda gedirsə, bu müqəddəs amal naminə canını fəda edənlərin şəhadəti kimi, qazanılan qalibiyyəti aləmə bildirən bayraqların da yeri ucadan ucadır.
2020-ci ilin 8 noyabrında əzəli yurd yerimiz Şuşanın qala divarında asılan üçrəngli bayrağımız kimi. Otuzillik işğala son qoyan Vətən müharibəsindəki Zəfər Şuşada bayrağımızla taclandı.
8 Noyabr – Azərbaycanın yeni tarixinin və ümumilikdə götürsək, minilliklərlə ölçülən ulu keçmişimizin ən şanlı səhifəsi olan Vətən müharibəsindəki şanlı Zəfərin günüdür.
Bu gün, həmçinin qala-şəhərimiz, mədəniyyət paytaxtımız yenidən doğuluşunun ildönümünü – milli təqvimimizdə parlaq yerini alan Şuşa Şəhəri Gününü qeyd edir. Zəfərli şəhər artıq dördüncü ildir bu günü yeni növrağı, möhtəşəm quruculuq mənzərəsi ilə qarşılayır.
Tarixin yazısına, qismətinə bax ki, təqvimimizdə 8 Noyabrın ardınca gələn gün – 9 Noyabr da böyük bayramdır: Dövlət Bayrağı Günü.
1918-ci ilin bu günü milli dövlətçilik tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli bayrağını qəbul edib. Bir kərə yüksələn bayraq... Azərbaycan sovetləşəndən (1920) sonra endirilsə də, 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən dövlətimizin rəmzi oldu.
Otuz ilə yaxın bu bayrağın bütün Vətən torpaqlarında göylərə ucalması ən müqəddəs arzumuz idi. Dörd il öncə arzumuz gerçəyə döndü.
2020-ci ilin 44 günlük savaşında azad edilən yurd yerlərimizlə bağlı Ali Baş Komandana edilən hər qalibiyyət raportu ucalan bayrağımızla tarixə həkk edildi. 8 Noyabr Zəfərinin labüd davamı olan 2023-cü ilin 20 sentyabr Qalibiyyəti də Xankəndidə qaldırılan bayraqla Azərbaycanın bütün ərazisi üzərində dövlət suverenliyini bərpa etdiyini dünyaya duyurdu...
8 Noyabr Zəfərinə qədər qeyd etdiyimiz 9 Noyabr – Dövlət Bayrağı günlərində, hər nə qədər fərəhli olsaq da, sevinciniz də, qürurumuz da tam deyildi. Vətən torpaqları tam olmadığı kimi. O Zəfərdən sonra tariximizin möhtəşəm mənzərəsi də, Bayraq sevincimiz də ürək dolusu tam oldu.
8 Noyabrdan sonra 9 Noyabr gəlir. Təqvimin sırası budur.
Bizim üçün isə bu, sadəcə, sıralanan rəqəmlər deyil. Zəfərin arxasındakı Bayraq deməkdir.
Bayram bayrama qovuşanda, həqiqətən də, gözəl olur...
Bayramlarımız mübarək!
Vüqar Orxan