Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecdə 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert keçirilib.

Bu barədə kollecdən məlumat verilib.

Əvvəlcə kollecin 44 günlük Vətən müharibəsində canından keçən altı şəhidinin xatirə lövhəsinin önünə tər güllər düzülüb. Sonra kollecin foyesində kinooperator sənəti, dekorativ tətbiqi sənət və bədii xalça ixtisasının tələbələrinin 8 Noyabr - Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.

Kollecin akt zalında davam edən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbiri açan Humanitar Kollecin direktoru dosent Nərmin Qaralova Vətən müharibəsində qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb. Direktor deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfər ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümüdür. Ən əsası, bu müharibədə haqq-ədalət bərpa olundu. Qəhrəman oğullarımız Vətən, torpaq uğrunda canlarından keçdilər. Şəhidlərimiz arasında Humanitar Kollecin tələbələri də var. Onların göstərdiyi igidliklər heç vaxt xatirimizdən silinməyəcək. 44 günlük Vətən müharibəsində imzası olan hər bir qəhrəmanımızı dərin hörmət və ehtiramla anırıq. Nə yaxşı ki, qazi tələbələrimiz dəvətimizi qəbul edib bugünkü tədbirə gəliblər. Onların qarşısında baş əyirik, Allahdan onlara cansağlığı arzu edirik”.

Vətən müharibəsində qazanılan Zəfərə həsr edilən konsert proqramında kollecin müəllim və tələbə heyətinin ifasında “Torpağın səsi”, “Bu torpağın, bu diyarın”, “Min yaşasın”, “Biz Zəfər qazanmışıq”, “Qarabağ”, “Ey Vətən”, “Zəfərin mübarək” mahnıları və şeirlər səsləndirilib.