Simfonik ballada ilk dəfə səslənib

 

Bəstəkar Faiq Sücəddinovun “Qarabağnamə” simfonik balladası (libretto müəllifi akademik Rafael Hüseynov) 8 Noyabr – Zəfər Günü Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsert proqramında ilk dəfə səsləndirilib.

Konserti izləyənlər arasında Milli Məclis sədrinin müavini Rafael Hüseynov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri olub.

Öncə akademik Rafael Hüseynov çıxış edərək tariximizin parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu bayram təkcə Qarabağ müharibəsində Zəfərin rəmzi deyil, həm də Azərbaycan xalqının birliyini və qətiyyətini təcəssüm etdirir. Biz təkcə hərbi münaqişədə deyil, millətin ləyaqəti və bütövlüyü uğrunda savaşda qalib gəldik.

Sonra söz musiqiyə verilib.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və solist Əməkdar artist Ramil Qasımov (vokal) çıxış edib.

Proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, F.Sücəddinovun “Qarabağnamə” simfonik balladası, O.Zülfüqarovun “Şənlən, mənim xalqım!”, Y.Şəfəqin “Zəfər valsı”, S.Rəhimovanın “Zəfər nidası” simfonik poeması, Niyazinin “Türk marşı” və C.Quliyevin “Əsgər marşı” əsərləri yer alıb.

Konsertdən sonra Xalq artisti Faiq Sücəddinov təəssüratını jurnalistlərlə bölüşüb: “Hər bir azərbaycanlı kimi, mənim üçün də bu bayram çox əzizdir. İki il əvvəl “Zəfər” simfonik poemasını yazmışam, Heydər Əliyev Sarayında səsləndirilib. Əsəri Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru ifa edib, solist Xalq artisti Samir Cəfərov olub. Bu gün yeni əsərim “Qarabağnamə” filarmoniyada ilk dəfə səsləndirildi. Xor və simfonik orkestrin müşayiəti ilə Ramil Qasımov ifa etdi. Bu bizim üçün ən böyük bayramdır. Hər bir yaradıcı insan anlayır ki, Vətən müqəddəsdir, bölünməzdir. Bəstəkar kimi mənim də həyatım, bütün yaradıcılığım Azərbaycanla qırılmaz şəkildə bağlıdır. 42 ildir ki, əsərlərim ifa olunur, Vətəni tərənnüm edir”.

Dirijor Fuad İbrahimov deyib: “Təxminən 30 il doğma şəhərin həsrətini yaşamış bir şuşalı kimi qürur hissləri keçirirəm. 2020-ci ilin bu gününü, Prezidentin “Şuşa, sən azadsan!” sözlərini heç vaxt unutmayacağam. Bu əlamətdar günə həsr olunan konsertə qısa müddətdə hazırlaşmağı bacardıq. Dövlət Simfonik Orkestrinin iş qrafiki həmişə sıx olur. Orkestrin peşəkarlığı bu gün göz qabağında idi. Bu qədər qısa müddətdə proqram hazırlayıb yüksək səviyyədə ifa etmək mənim üçün bədii rəhbər kimi qürur, sevinc və şərəfdir”.