Qobustan Milli Tarix-Bədii Qoruğunda 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 4-cü ildönümü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə iştirak edən mədəniyyət naziri Adil Kərimli şəhid ailələri və qazilərlə görüşüb. Nazir çıxışında qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Noyabrın 8-i müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. “Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış davam edir. Həmin ərazilərdə tarixi abidələrimiz bərpa olunur. Biz torpaqlarımızın bütövlüyü və ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən, öz canı və qanı ilə tarix yazan şəhidlərimizə, qazilərimizə borcluyuq”, – deyə Adil Kərimli əlavə edib.
Bayram münasibətilə şəhid ailələri və qaziləri təbrik edən nazir onlarla xatirə şəkilləri çəkdirib.
Tədbir iştirakçıları əl işlərindən ibarət sərgi ilə də tanış olublar.