Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fakültə və filiallarında Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir.
ADPU-dan bildirilib ki, İbtidai təhsil fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri İkinci Fəxri xiyabanı ziyarət edərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə tər çiçəklər düzüblər. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun qızı - fakültənin III kurs tələbəsi Əzizə Həmidova tələbə yoldaşları və müəllimləri ilə birgə atasının məzarını ziyarət edib, qəhrəman vətən oğullarının əziz xatirəsini ehtiramla anıb.
Tarix və coğrafiya fakültəsində isə “Şanlı Zəfər” adlı tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi, universitetin tələbəsi, 44 günlük Vətən müharibəsi iştirakçısı Elşad Kərimov, şəhid yaxınları və tələbələr iştirak ediblər. Rəsmi çıxışlardan sonra tədbir tələbələrin vətənpərvərlik ruhunda hazırladıqları şeir və musiqi nömrələri, səhnəciklərin nümayişi ilə davam edib.
Universitetin “SABAH” Mərkəzinin təşkilatçılığı ilə “Əbədi Zəfər” adlı tədbir təşkil edilib. Tədbirin qonağı olan Aprel və II Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Vüsal Nağıyev II Qarabağ müharibəsi ilə bağlı təəssüratlarını bölüşüb. Daha sonra tələbələr tərəfindən hazırlanmış səhnəcik nümayiş etdirilib.
İncəsənət və fiziki tərbiyə fakültəsində keçirilən Zəfər Günü tədbiri fakültənin tələbələrindən ibarət xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Dekan Anar Fərmayılov və professor-müəllim heyətinin üzvləri Vətən müharibəsinin tarixi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, Ali Baş Komandan, ordu və xalq birliyinin gücü mövzularında çıxışlar ediblər.
ADPU-nun filiallarında da şanlı Zəfərimiz böyük təntənə ilə qeyd edilib.
Ağcabədi filialında Zəfər Günü münasibətilə “Mənim Azərbaycanım, adına zəfər yaraşır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələr şəhərin Şəhidlər xiyabanını ziyarət ediblər. Həmçinin Vətən müharibəsi şəhidi Şahmar Soltanlı və Eltun Kərimovun ailələri filial əməkdaşları tərəfindən ziyarət edilib. Eyni zamanda, Zəfər Günü münasibətilə tədbirlər təşkil edilib.
Şamaxı filialında isə “Xarıbülbül qoxulu Zəfər” adlı tədbir keçirilib.