Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş Beynəlxalq klassik musiqi festivalı təşkil edilib.
“Konsonans” festivalı “Qara Qarayevin qonaq otağı” Beynəlxalq musiqi layihəsi çərçivəsində keçirilib. Tədbir ənənəvi olaraq Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbi və XTNS-dəki “Azərbaycan” pavilyonunun təşkilatçılığı ilə baş tutub. Layihənin əsas məqsədi istedadlı gənc ifaçıların üzə çıxarılması və müxtəlif ölkələrin musiqi müəssisələri arasında yaradıcılıq əlaqələrinin qurulmasıdır.
Tədbirdə gənc ifaçılar - beynəlxalq və respublika müsabiqələri laureatları, o cümlədən Qara Qarayev adına məktəbin və Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzunları və tələbələri İnci Abbasova və Abid Çəlbiyev iştirak ediblər.
Gənc musiqiçilərə İtaliyadan olan həmyaşıdları onlayn qoşulublar.
Q.Qarayev adına Moskva Uşaq Musiqi Məktəbinin direktoru Andrey Leonov AZƏRTAC -ın müxbiri ilə söhbətində qeyd edib ki, “Konsonans” festivalı artıq üçüncü dəfədir XTNS-nin “Azərbaycan” pavilyonunda keçirilir. “Bu il festival Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunub. Səhnə ölkələrimiz arasında dostluğun rəmzi kimi Rusiyanın və Azərbaycanın üçrəngli bayraqlar ilə bəzədilib”, - deyə direktor bildirib.
O vurğulayıb ki, gələn ilin aprel ayında Moskvada Qara Qarayev adına ənənəvi beynəlxalq müsabiqə bütün alətlər üzrə keçiriləcək.
“Konsonans” festivalında XIX və XX əsr klassiklərinin - Şubert, Qlinka, Debüssi, Skryabin, Raxmaninov, Hacıbəyli, Metner, Dvarionas, Qarayev, Mustafazadə və başqa bəstəkarların əsərləri səsləndirilib.
Festival artıq üç ildir ki, uğurla həyata keçirilir. Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbi 2002-ci ildən görkəmli Azərbaycan bəstəkarının adını daşıyan ölkəmizdən kənarda yerləşən yeganə təhsil ocağıdır.