Yeddi ay sürən festivalın son dayanacağı Antalya olub
Türkiyənin mədəni irsini və gəzib-görməli yerlərini daha geniş tanıtmaq və ölkənin marka dəyərinə töhfə vermək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il 16 şəhərdə təşkil edilən Mədəniyyət Yolu Festivalı başa çatıb. Ümumilikdə yeddi ayı əhatə edən festivala son olaraq Türkiyənin ən böyük turistik şəhəri Antalya ev sahibliyi edib.
2–10 noyabr tarixlərində keçirilən Antalya Mədəniyyət Yolu Festivalı da tədbirlərin zənginliyi və rəngarəngliyi ilə diqqət çəkib. Proqram ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə başlayıb. Nazir bildirib ki, Antalya yalnız ölkəmizin deyil, dünyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biridir, bu festival sayəsində onun mədəni dəyərlərinə də diqqəti çəkirik. Türkiyənin ilboyu turizm potensialını tanıtmaq və turistik fəaliyyətləri 365 günə qədər genişləndirmək hədəfini vurğulayan Ersoy Antalyanın bunun üçün bariz örnək olduğunu deyib.
Mədəniyyət Yolunun öncəki dayanacaqlarında olduğu kimi, Antalyada da doqquz gün sürən festival proqramında bütün yaş qruplarına uyğun konsertlər, tamaşalar, sərgilər, əyləncələr, sənət görüşləri – 77 fərqli məkanda gerçəkləşən ümumilikdə 285 tədbir yer alıb.
Antalyanın Konyaaltı çimərlik parkında qurulan əsas səhnədə xalq musiqisindən operaya, populyar musiqidən teatra qədər təqdimatlar olub, məşhur ifaçıların konsertləri keçirilib. Dünyanın ən məşhur rəqs qruplarından olan “Anadolu atəşi”nun Aspendos Antik Teatrında yerli və xarici turistlər qarşısında heyranedici çıxışı da festival proqramına rəng qatıb.
Festival çərçivəsində arxeoloji qazıntı rəhbərləri ilə qədim şəhər turları, həmçinin XX əsrin ünlü rəssamlarından Endi Uorhol və Pablo Pikassonun əsərlərinin nümayişi, Frida Kahlonun şəxsi gündəliklərindən ilhamlanan sərgi də böyük maraq doğurub.
Qeyd edək ki, bu il dördüncüsü təşkil edilən Türkiyə Mədəniyyət Yolu Festivalının əsası 2021-ci ildə qoyulub. Hər ötən il festivalın coğrafiyası genişlənir.
2024-cü ilin aprel ayında başlayan budəfəki festival avqustadək Adana, Şanlıurfa, Bursa, Samsun, Trabzon, Van, Nevşehir və Ərzurumdan keçib. Daha sonra Mədəniyyət Yolunu Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir, İzmir və son olaraq Antalya qəbul edib.
Nazir Mehmet Nuri Ersoyun sözlərinə görə, 2025-ci ildə festivalın arenası daha da genişlənəcək. Növbəti ildə Mədəniyyət Yolunun marşrutlarına Malatya, Manisa, Mardin və Kayseri də daxil edilərək şəhər sayı 20-yə çatacaq.
Vüqar Orxan