2-10 noyabr tarixlərində 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi keçirildi. Azərbaycan tarixdə ilk dəfə bu möhtəşəm sərginin “fəxri qonaq ölkə”si oldu. Şübhəsiz, fakt özü-özlüyündə böyük hadisədən xəbər verir, amma məsələ təkcə eyforiya ilə bitmir. Həqiqətən, Azərbaycan bu cür beynəlxalq kitab tədbirlərində fəxri qonaq ola biləcək səviyyəyə çatıbmı? Ümumiyyətlə, bu səviyyə nə deməkdir, hara kimidir? Ora gedən yolda görüləcək hansı işlər var? Bu işləri kim görməli və haradan başlamalıdır?
Suallar qorxuducu görünə, nəzərdə tutulan işlər təsəvvür ediləndən də çətin ola bilər. Amma şad xəbər odur ki, bu işləri görmək mümkündür. Şəmil Sadiqin ədəbi cameyə səs salan “Azərbaycan yazıçıları niyə xaricdə çap edilmir?” başlıqlı yazısında bu işlərin xeyli məqamı açıq və anlaşıqlı üslubla izah edilib. Sadəcə, bəzən elə orda qaldırılan məsələlərin də təməlini işləmək lazım olur. Yəni anladığınız kimi, yolumuz uzun və maraqlıdır.
Bu “fəxri qonaq”lıq prosesinin rəhbərliyini ölkəmizin kitab siyasətini yönləndirən Mədəniyyət Nazirliyi boynuna götürmüşdü. Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinə (ANAİB) təmsilçilik məsələsi üçün naşir dəvət etməyə sorğu göndərmiş, naşirlər seçilmiş, ən gəncindən tutmuş ağsaqqalına qədər yazıçı və şairlərdən ibarət heyət yaratmış, mədəniyyətin təbliği üçün musiqiçi qruplarını da götürüb sərgidə geniş stend qurmuşdu. Bunların maliyyə məsələsini də öz üzərinə götürmüş, xərclərin hamısını qarşılamışdı. Bakıdan İstanbul sərgisinə baxanda ağıla gələcək nə yaxşı tədbir varsa, onlar əsasında proqram hazırlamış, Azərbaycan stendini ziyarət edən bütün qonaqların milli şirniyyat və çaysız geri qayıtmaması üçün gözəl süfrə açmışdı.
Mədəniyyət Nazirliyinin nümayəndələri beş gün sürən proqram müddətində bütün dəvətlilərlə bərabər Azərbaycan stendində oldu; bizimlə birgə işlədilər, Azərbaycan mədəniyyətinin və kitabının təbliği üçün əllərindən gələni etdilər. Bu mənada, nazirlik nümayəndələrinə şəxsim adından minnətdaram. İlk dəfə onlar sayəsində dərin ümidlərə kökləndim.
Prosesdə iştirakçı olan (əsasən, ANAİB üzvü) naşirlər də öz kitablarını türk və xarici naşirlərə təklif etməyə, xarici kitabların müəllif hüquqlarını almağa, müqavilələr bağlamağa çalışdılar. Gördüyüm qədər, nümayəndə heyəti arasında ən fəal kəsim elə naşirlər oldu (Məncə, elə bu cür də olmalı idi).
Dəvətli yazıçı və şairlərin imza saatları, panel çıxışları da nəzərdən qaçmadı. Onlar da həvəslə tapdıqları “bir ovuc” oxucuları ilə ünsiyyət qurmaqdan, maraqlı söhbət etməkdən, kitablarını imzalamaqdan qalmadılar.
Bütün sadaladıqlarım sərgidə Azərbaycan nümayəndə heyətinin nəyəsə cəhdinin bir qismi idi. Amma bu cəhdlər sistemli görünürdümü? Nəticəsi nə oldu? Yaxud sualı belə quraq: “Bu prosesdən gözləntilərimiz nələr olmalıdır?”
Anlamalıyıq ki, istənilən xarici ölkədəki təmsilçiliyimiz ölkəmizdə məlum sahədə gördüyümüz işlərə əsaslanır. Burda hərə öz üzərinə düşən işi layiqincə yerinə yetirməsə, əlindən gələnin ən yaxşısını etməyə çalışmasa, dünyaya çıxma cəhdlərimiz də uğursuzluq və nəticəsizlikdən başqa şey olmayacaq. Məsələn, İstanbul sərgisi çərçivəsində Almaniyanın Frankfurt Kitab Sərgisinin Türkiyə, Azərbaycan, Kipr və Yunanıstan üzrə koordinatoru Hanife İçten ilə baş tutan çox faydalı görüşümüzdə anladıq ki, kənardan bəh-bəhlə baxdığımız o sərginin yetmiş beş illik ənənəsi var. İnsanlar ümumilikdə yüz ilə qurduqları ölkənin kitab strategiyasını ildən-ilə təkmilləşdirməyə, bu yolda dövlətlə özəl sektor əməkdaşlığının faydalılıq əmsalını hətta bir kiçik layihə çərçivəsində qorumağa, ölkə kitabçılığının vəziyyətini hər rübdə dəyərləndirməyə, alman dilini beynəlxalq dillər siyahısına salmaq üçün xüsusi strategiya yürütməyə, dövləti ictimai birliyin verdiyi təkliflərlə hesablaşmağa, ümumiyyətlə, ölkə kitabını tanıtmaq üçün məntiqli, tutarlı nə varsa, istifadə etməyə çalışırlar. Bunun üçün də həm dəmir, həm elastik qaydalar sistemi qurublar. Seçimləri şəxsi münasibətlər yox, peşəkarlıqdır. Ona görə də dünyanın bir nömrəli kitab sərgisinin müəlliflərinə çevriliblər.
Bəzən düzgün getməyən hər şeyi yüksək dairələrin üstünə yıxmaq rahat yol kimi görünür. Əsas arqumentimiz də dünya təcrübəsidir. Dərk etməliyik ki, “dünya təcrübəsi” dediyimiz şey uzunillik ənənələrin, məktəblərin, cərəyanların, “yoxlama-yanılma” cəhdlərinin, ildən-ilə zamana uyğunlaşmanın nəticəsidir. Bir ildə, beş ildə həmin təcrübələri əldə etmək həmişə mümkün olmur.
İstənilən halda Azərbaycan təcrübəsini yaratmaq üçün həmin dünya təcrübəsi yol xəritəmiz ola bilər. Əvvəlcə ədəbiyyatın güclü silah olduğu fikrini hüceyrələrimizə kimi qəbul etməliyik. Düzgün yazılmış əsərin müharibələrin qarşısını alan, həqiqi sülh yarada bilən məfhum olduğuna inanmalıyıq.
Yazıçı və şairlərimizi yazıq, səfil, sərxoş, yalnız toyda tamadalığa yarayan, yarıtmaz fərd görkəmindən xilas etməli, intellektual faydalılıq əmsalı ilə uğur qazanan şəxsiyyət olduğunu göstərməliyik. İnkişaf istəyən, həqiqi ədəbiyyat yaradan, gördüyü işi anlayan və yazmağı hobbi saymayan müəlliflərimizi qonorarsız nəşr etməməliyik. Kitabların auditoriyaya çıxmasında nəşriyyat-müəllif əməkdaşlığına peşəkar səviyyədə nail olmalıyıq. Ədəbiyyatımızı yerli oxucularımıza sevdirməliyik ki, öz düşüncə adamlarına inana bilsinlər.
Bu humanitar bazarın tələb-təklif prinsipini formalaşdırmalı, bununla hesablaşmalıyıq. Kitabların orta tirajları əhalisi on milyon olan ölkə qarşısında biabırçı rəqəmlər kimi görünməməlidir. Yerli kitab satışları xarici dildə olan kitab dövriyyələrini üstələməlidir. İmza və təqdimat mərasimləri yubiley formatından çıxmalı, əsl oxucularla dolub-daşmalı, yazıçı masaları qarşısında imza gözləyən oxucu ordusu görməliyik.
Öz redaktorlarımızın, korrektorlarımızın, illüstratorlarımızın, dizaynerlərimizin və nəşriyyat işi zəncirində yer alan istənilən ixtisas sahibinin inkişafı üçün sistemli işlər görməliyik. Xarici əsərlərin doğma dilimizdə rahat oxunması üçün tərcüməçilərə dəstək olmalı, onları düzgün istiqamətləndirməli, inkişaflarına şərait yaratmalı, qonorarı da peşəkarlıq səviyyələrinə görə təklif etməliyik.
Nəşriyyatlarımız ixtisaslaşmalı, öz mövzusunda təkmilləşməlidir. Nəşriyyatları faydalı işlər ortaya qoymağa maneə yaradan maliyyə çətinliyindən, həm cəmiyyətin, həm ictimai sektorun, həm də dövlətin gözündə riskli sahə olmaqdan qurtarmalı, onların (əgər varsa) elitaya çıxışını təmin etməli, biznes mühitində proqressiv olduğuna inanmalıyıq.
Ədəbi tənqid sahəmizi uzun əsrlik yuxudan oyatmalı, əlinə kitablarımızı verməli, təhlil əsaslı tənqid etmələrinə çalışmalıyıq.
İstənilən qurumun kurasiyasında fəaliyyət göstərən kitabxanaların zənginləşdirilməsi üçün layihələr və işlək mexanizmlər təklif etməli, bunların effektiv işləməsinə nail olmalıyıq. Müasir tendensiyalara cavab verən bədii kitab mağazaları və onları vaxtlı-vaxtında təmin edəcək kitab yayımı sistemləri yaratmalıyıq. Bunları təkcə paytaxtda deyil, bütün ölkədə tətbiq etməliyik.
Oxucu auditoriyası yaratmağa bağça və məktəblərdən başlamalı, universitetlərlə davam etməliyik. Bu məsələdə təhsil qurumları ilə sərbəst rejimli və işlək münasibətlər qurmalıyıq.
Paytaxt və bölgələrdə davamlı kitab sərgi-yarmarkaları keçirməli, kitabı bütün ölkə boyu əlçatan etməliyik.
Müxtəlif nominasiyalarda ədalətli prinsiplərə, peşəkarlığa söykənən ədəbi mükafatlar yaratmalıyıq. Bu müsabiqələrdə fərqlənən yazıçılara elə mükafat verməliyik ki, onların həyatında mühüm rol oynasın. Yalnız bundan sonra dünyaya çıxmaq haqqında düşünmək olar.
Azərbaycan ədəbi mühitində artıq danılmaz imzaya çevrilmiş, saysız oxucu və peşəkar tənqidçi rəğbəti qazanmış müəlliflərimizi xarici nəşriyyatlara layiqli qələm adamı və humanitar brend kimi təqdim etməliyik. Əsərlərimizin xarici nəşriyyatlara inteqrasiyasında mühüm faktor olan tərcüməçi bazası qurmalı, bunun maliyyə məsələsini qarşılayan tərcümə qrantları verəcək fondlar təsis etməliyik. Məlum fondları təkcə dövlətdən gözləməməli, yenə də (əgər varsa) elitaya üz tutmalıyıq. Onlar sayəsində fərqli tematikalı ədəbi əsərlərə dəstək olacaq məhdud fondlarımız da yaranmalıdır.
Bu mərhələdə ədəbi agentlərə də ehtiyacımız olacaq. Onların da effektiv işləmələri, müxtəlif sərgi və festivallarda ədəbiyyatımızı təbliğ etmələri üçün düzgün münasibət və iş prinsipi ortaya qoymalıyıq.
İstənilən beynəlxalq kitab tədbirində təmsilçiliyimiz o zaman həqiqi uğurla nəticələnəcək ki, ölkə səviyyəsində kitab sənayesini beynəlxalq standartlara uyğun inkişaf etdirəcək və ədəbi nöqteyi-nəzərdən dünyaya deyəcək sözümüz olacaq. Təsəvvür etdiyiniz kimi, bunlar bir şəxsin qərarı, bir qurumun şərtləri ilə düzələn deyil. Bu yolda irəliləmək üçün kitabçılığın, yaxud dövlətin tərzində desək, kitab siyasəti zəncirinin istənilən halqasında dayanan hər şəxs üzərinə düşəni etməlidir. Yəni hərə özündən başlamalıdır.
Səbuhi Şahmursoy
“XAN Nəşriyyatı”nın direktoru