BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib.
Qoruğun muzeyində nümayiş etdirilən eksponatlara və açıq səma altındakı qayaüstü təsvirlərə tamaşa edən qonaqlara Qobustan abidələri, ərazidə aparılan elmi-tədqiqat işləri və onun nəticələri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Ölkəmizə sayca dördüncü səfəri olsa da, ilk dəfə Qobustan qoruğunu ziyarət etdiyini bildirən Prezident Peter Pelleqrini Qobustan qayaüstü təsvirlərini heyrətamiz adlandırıb, abidələrlə tanışlıqdan və göstərilən qonaqpərvərlikdən məmnunluqlarını dilə gətirib.
Prezident sonda qoruğun xatirə kitabına ürək sözlərini yazıb.