Noyabrın 11-də İtaliyanın Molise regionunda yerləşən Unimol Dövlət Universitetinin Kommunikasiya elmləri fakültəsində "Azərbaycan: şəxsiyyət axtarışı. Geosiyasi qiymətləndirmə və tarixi-mədəni baxış" adlı seminar keçirilib.

Tanınmış italyan filosofu, professor Lorenzo Scillitaninin həmin universitetdə davam edən “Media və hüquqların fəlsəfi geosiyasəti” mövzusunda mühazirələri çərçivəsində təşkil olunan seminarda azərbaycanlı şərqşünas-filoloq Məleykə Hüseynin məruzəsi dinlənilib.

Seminarı açan və məruzəçini təqdim edən professor L.Scillitani hazırda Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyini diqqətə çatdırıb, bu mötəbər tədbirdə İtaliyanın Baş naziri Georgia Meloninin də iştirak etdiyini bildirib.

Azərbaycanın təkcə regionda deyil, Avropa üçün artan əhəmiyyətini vurğulayan professor Qafqazın geosiyasi və tarixi kontekstinə görə ölkəmizin ən həssas coğrafi ərazi olduğunu deyib.

Məleykə Hüseyn məruzəsində bildirib ki, keçən əsrin əvvəllərində digər müsəlman dövlətləri ilə müqayisədə Azərbaycan demokratik prinsiplərə yiyələnib. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətində qadınlara seçmək və seçilmək hüququ verilib, eyni zamanda müstəqillik uğrunda mübarizədə qadınlar da fəal olublar. Qadınlar maarifçilik sahəsində fəaliyyət göstəriblər.

Cənubi Qafqaz regionundakı mövcud geosiyasi vəziyyətə toxunan məruzəçi Azərbaycanın davamlı sülhə və sabitliyə töhfə verdiyini bildirib, ildən-ilə əlaqələrini genişləndirdiyini diqqətə çatdırıb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.