Noyabrın 13-də COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdə olan Esvatini Krallığının Kralı III Msvatinin xanımı Philile Thulile Dlamini Azərbaycan Dövlət Akademik Musiqili Teatrını ziyarət edib.
Qonağı qarşılayan teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev sənət ocağı haqqında ətraflı məlumat verib. O, teatrın tarixi, binanın Prezident İlham Əliyevin sərəncamı yüksək səviyyədə təmir olunması, yaradıcı kollektiv və repertuarı barədə danışıb.
Sonra teatrın konsertmeysteri Kamil Həsənovun müşayiəti ilə vokal artistləri Şaban Cəfərov və Eleonora Mustafayevanın ifalarında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgər və Gülçöhrənin duetini, eləcə də görkəmli bəstəkar Tofiq Quliyevin "Sevgilim" və "Əziz surət" əsərlərini səsləndiriblər.
Daha sonra Əliqismət Lalayev birinci xanıma milli simvollarımızdan olan kəlağayı, teatrın tarixinə, repertuarına aid müxtəlif çap məhsulları, o cümlədən Dövlət Himnimiz və milli musiqilərimizin yazıldığı audio və video materiallar hədiyyə edib.
P.T.Dlamini göstərilən səmimi münasibətə görə teatrın rəhbərliyinə təşəkkürünü bildirib.