Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlarda qastrol səfərləri davam edir. Məqsəd yerlərdə mədəni həyatın fəallaşdırılmasına, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı noyabrın 11-də “Cəhənnəm sakinləri” tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edib.
Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı mərhum Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada bəstəkar, Xalq artisti Azər Dadaşovun musiqisindən istifadə olunub.
Rolları Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanov, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu oynayırlar.
Tamaşa 1937-ci ilin repressiyalarından bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ailələrin içinə də sirayət edir, ər və arvadı üz-üzə qoyur. Günlərin birində evdə peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
Səfər çərçivəsində Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Şəki Dövlət Dram Teatrının baş rejissoru və direktor vəzifəsini icra edən Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin iştirakı ilə iki kollektiv arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində Şəki teatrının dekabr ayında iki tamaşa ilə Milli Dram Teatrında çıxış etməsi nəzərdə tutulub.