44 günlük Vətən müharibəsində şanlı Zəfərin dördüncü ildönümü ölkəmizdə böyük coşqu ilə qeyd olundu. Xalqımıza əbədi qürur yaşadan Qələbəmiz azad yurdlara qayıdan sakinlər üçün xüsusilə əlamətdar olub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtın bədii kollektivləri və ifaçılar maraqlı konsert proqramları təqdim ediblər.

***

Mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Füzuli şəhərində keçirilən tədbirdə rəsmilər, yerli sakinləri, şəhid ailələri, qazilər və başqa şəxslər iştirak ediblər. Ağacəkmə aksiyası ilə başlanan tədbirin açılış mərasimində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayaraq Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Tədbirin rəsmi hissəsindən sonra Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə konsert proqramı təqdim olunub.

Tamaşaçılar əvvəlcə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi şagirdlərinin əl işlərindən ibarət sərgi və “Vətənimin Zəfəri” adlı konserti izləyiblər.

Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri geniş proqramla çıxış ediblər. Solistlər vətənpərvərlik ruhunda və bayram əhvallı muğam, təsnif və xalq mahnılarımızı səsləndiriblər.

***

Cəbrayıl şəhərində təşkil olunan konsertdən öncə tədbir iştirakçıları Zəfər Günü ilə bağlı videoçarxı izləyiblər.

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri Mahir Ordubadi) müşayiəti ilə solistlər –Muğam Televiziya Müsabiqəsinin laureatı Vəfa Vəzirova, Əməkdar artist Çinarə Heydərova (qanun), respublika və beynəlxalq müsabiqələr laureatları İdris Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva və Nurlan Əzizbəyli, “Misri” ansamblı, Taleh Hüseynli, Rəvan Qaçayev və aşıq Ruhiyyə Qarabağlı ifalarını təqdim ediblər.

Proqramda Azərbaycan bəstəkarlarının vətənpərvərlik ruhlu əsərləri və xalq mahnıları səsləndirilib.

***

Laçın şəhərində təşkil olunan bayram tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.

Bayraq meydanından başlayan tədbirin rəsmi hissəsindən sonra hərbi orkestrin müşayiəti ilə “Lacinema” kino mərkəzinə doğru bayraqla yürüş keçirilib. Tədbir kino mərkəzində davam edib.

Bayram konsertində Əməkdar artist Elza Seyidcahan, Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Cahangir Cahangirov adına xorun kollektivi, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova, istedadlı pianoçu və gənc ifaçılar, laçınlı xanəndələr və aşıqlar çıxış ediblər. 2 saylı Laçın şəhər tam orta məktəbinin şagirdləri də milli rəqslər və bədii qiraətləri ilə proqrama rəng qatıblar.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib.

***

Zəngilan rayonunun Ağalı kəndində gerçəkləşən bayram şənliyində kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər.

Sonra Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub. Zəfər soraqlı musiqi nömrələrinin səsləndirildiyi konsert alqışlarla qarşılanıb.

***

Mədəniyyət paytaxtımız, bu il doğma sakinlərinə qoynunda yer verən Şuşa şəhərində də Zəfər Günü böyük təntənə ilə gerçəkləşib.

8 noyabrda eyni zamanda Şuşa Şəhəri Gününü qeyd edən sakinlər üçün, sözün əsl mənasında, bayram bayrama qarışıb.

Çünki dörd il öncə, Vətən müharibəsinin bu günü müzəffər Ordumuzun misli görünməmiş qəhrəmanlığı sayəsində qala-şəhərimiz düşməndən qurtulmuşdu. Şuşa zəfəri ilə, əslində, müharibənin də taleyi həll olunmuşdu...

Şuşadakı bayram konsertində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi maraqlı konsert proqramı doğma yurda qayıdışın sevinci içərisində olan şuşalıların yaddaşında silinməz iz qoyub.

***

Zəfər soraqlı tədbirlərin daha bir ünvanı Xankəndi şəhəri olub. Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə düşməndən azad olunan Xankəndi bu gün yeni növrağını yaşayır.

Burada təşkil olunan bayram mərasimi də böyük coşqu ilə qarşılanıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti və solistləri maraqlı proqram təqdim ediblər. Bayram şöləni tamaşaçılara unudulmaz anlar yaşadıb.

Azad eldə böyük sevgi və qürurla gerçəkləşən bayram konsertlərinin sonunda möhtəşəm atəşfəşanlıq olub.