Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla təmsil olunub. Festivalda Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (müəllif Pərviz Seyidli) monotamaşası nümayiş olunub.

Teatrın festivala qatılan heyəti – direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, Əməkdar artist Şövqi Hüseynov, monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, işıqçı Nicat Həmidov səhnə işinin böyük rəğbətlə qarşılandığını vurğulayıblar.

Əməkdar artist Şövqi Hüseynov: “Qazaxıstanın Şimkənd şəhərində ilk dəfə olsam da, təəssüratım tükənməzdir, çünki özümü orada yad kimi hiss etmədim, insanların doğma münasibəti hər birimizi məmnun etdi”.

Vəfa Mühacirova: “Düşünürəm ki, bu cür qarşılıqlı mədəni əlaqələr ölkələri bir-birinə daha da yaxınlaşdırır. Qazaxıstanda gördüyümüz doğma münasibət Azərbaycana sevginin təcəssümüdür. Ümidvaram ki, bundan sonra da sıx əlaqələrimizi uğurla davam etdirəcəyik”.