Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində aşıq musiqisindən ibarət konsert proqramı təqdim olundu.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə COP29-la bağlı hazırlanan mədəni proqram çərçivəsində keçirilən konsertdə əvvəlcə Azərbaycan Milli Konservatoriyasının dosenti sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev aşıq sənətinin tarixi, inkişaf mərhələləri, müasir vəziyyəti və tədrisi ilə bağlı fikirlərini bölüşdü. 

Bildirdi ki, aşıq sənəti muğam sənəti ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin iki əsas qanadıdır. Bu gün aşıq sənəti də qədimliyi qorumaqla yeniliklərə açıq olmalıdır. Bu da zəngin aşıq məktəbimizin dünyada tanıdılmasına imkan yaradar. Əbəs deyil ki, dahi bəstəkar, peşəkar musiqimizin banisi Üzeyir Hacıbəyli ötən əsrin əvvəllərində öz yaradıcılığında aşıq musiqisinə də müraciət etmişdi.  Bu gün ölkəmizdə müxtəlif təhsil pillələrində aşıq sənətinin tədrisi həyata keçirilir.

Çıxışdan sonra Mübariz Əliyev və tələbələrinin ifasında konsert proqramı təqdim edildi. Proqramda görkəmli bəstəkar Süleyman Ələsgərovun “Aşıqvari” əsəri, eləcə də “Hicran Kərəmisi”, “Koroğlu” kompozisiyası, “Badamı şikəstəsi”, “Baş müxəmməs” kimi aşıq havaları səsləndirildi.

Xarici ölkə vətəndaşlarının da izlədiyi musiqi axşamı maraqla qarşılandı.

Lalə