“COP29-u boykot etmək istəyənlərə pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var”

 

Qonaqlarımızın çoxu Azərbaycana ilk dəfədir ki, səfər edir. Ümid edirəm ki, onların ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

Qeyd edək ki, 11–22 noyabr tarixlərində keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı və mötəbər beynəlxalq tədbirdir. Bu, eyni zamanda, BMT Baş Assamleyasının sessiyasından sonra dünyanın bütün dövlətlərini bir araya gətirən ən böyük platformadır.

COP29-un əsas tədbiri noyabrın 12-13-də keçirilən Liderlər Sammiti olub. Sammitə qatılan dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayıb.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibinə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü, həmçinin ötən il COP28-in (Dubay) ev sahibi olmuş Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə Bakıda COP29 üçün hazırlıqlarda verdikləri dəstəyə görə minnətdarlığını bildirib.

“Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”, – deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik: “Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq”.

 

Mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq

 

COP29-un sədri kimi Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini deyən İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində (2019–2023) BMT-dən sonra ikinci böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib: “Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır.

Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır”.

Prezident nitqində Azərbaycanın Yaşıl gündəliyi haqqında da danışıb. Bildirib ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.

Böyük Britaniyanın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı sazişin (COP29 çərçivəsində imzalanıb – red.) icrası sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək.

Azərbaycanda  2030-cu ilə qədər təxminən 6 giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır: “Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir”.

 

Neftlə bərabər yalan istehsal edənlərə mesaj

 

Dövlətimizin başçısı xatırladıb ki, XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü: “Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik.

Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq”.

Prezident Azərbaycanı Avropa ölkələri ilə enerji əməkdaşlığında ittiham edənlərə də cavab verib: “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

İlham Əliyev sonda COP29-un boykotu üçün dəridən-qabıqdan çıxanlara da pis xəbər verib: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”.

 

Verilən sözə əməl etməyin vaxtı çatıb

 

Sonra çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş qlobal iqlim dəyişikliyinin fəsadlarının bütün ölkələri təhdid etdiyini deyib: “Burada hər hansı bir ölkə istisna deyil. Biz görürük ki, karbonlar və emissiyalar ortalama olaraq aşağı düşməsə, adaptasiya tədbirləri tətbiq olunmasa, bütün iqtisadiyyatlar daha böyük ziyana uğrayacaq. Amma bu kontekstdə hələ də ümidimiz qalır. COP28-də siz hər biriniz öz üzərinizə karbohidrogen resurslarından yayınma və xalis sıfıra yaxınlaşma öhdəliyi götürmüsünüz. İqlimə uyğunlaşma tədbirlərini təşviq etməyə və eyni zamanda, iqtisadi baxımdan iqlim dəyişmələri planları və milli təklifləri qəbul etməyə söz verdiniz. İndi isə bu sözə əməl etməyin vaxtı çatıb... Eyni zamanda, burada üç prioritetə fokuslanmaq istərdim. İlk növbədə, emissiyaların azaldılması. Qlobal temperaturun azaldılması və 2,5 Selsiyə çatdırılması üçün qlobal emissiyanı hər il 9 faiz azaltmalıyıq. Bu, 2030-cu ilə qədər 43 faiz azalmalıdır. Təəssüf ki, 2019-cu ilin baza xəttinə əsasən bu emissiyalar hələ də artmağa davam edir. Qlobal karbohidrogen resursları 30 faiz azalmalıdır. Eyni zamanda, ölkə daxilində enerji keçidi dayanıqlı iqlim məqsədlərinə, iqlim dəyişikliyi tədbirlərinə uyğun olmalıdır ki, lazımi investisiyaları təşviq edək. Bütün bunlar yerli şərait nəzərə alınaraq ortaq və eyni zamanda, paylaşılmış məsuliyyət əsasında reallaşmalıdır. Amma əlbəttə ki, hər bir ölkə öz işini görməlidir və G20 bu istiqamətdə lider olmalıdır. Onlar ən böyük emissiya edən ölkələrdir. BMT bu səylərə dəstək göstərməyə tam hazırdır.

İkincisi, siz öz xalqlarınızı, insanlarınızı iqlim dəyişmələrinin və iqlim böhranlarının fəsadlarından müdafiə etməlisiniz. Eyni zamanda, adaptasiya ehtiyacları ilə maliyyə arasında olan boşluq 2030-cu ilədək milyardlarla dollara bərabər və ya 300 milyarddan yuxarı olacaqdır. Çatışmayan bu vəsait hər hansı hesabatda qeyd olunan rəqəm deyil. Bu, həyat itkiləri, infrastrukturun dağıdılması deməkdir. Bu cür maliyyə vədlərini icra etmək lazımdır. 2025-ci ilə qədər ən azı 40 milyard dollar vəsait toplanmalıdır. Adaptasiya və investisiya iqtisadiyyatları dəyişə və Dayanıqlı İnkişaf Məqsədləri ətrafında formalaşa bilər.

Eyni zamanda, çarpaz şəkildə olan bütün sektorlara fundamental baxsaq, üçüncü prioritet məhz maliyyədir. İnkişaf edən ölkələr, əlbəttə ki, bir sıra problemlərlə üzləşir. Çatışmayan dövlət infrastrukturu vəsaiti, eyni zamanda, iqlim dəyişmələri, borclanma və digər sahələrdə böyük çətinliklər mövcuddur. COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Əminəm ki, buna birlikdə nail olacağıq...

Böyük nəticələr böyük dəyişikliklər tələb edir. Beləliklə, bütün dövlət nümayəndələrinə müraciət etmək istəyirəm ki, artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda, bu, bəşəriyyətə baha başa gələcək”.

***

Daha sonra çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru, Malayziyanın paytaxtı Kuala Lumpurun meri  xanım Maimuna Mohd Şərif dahi Azərbaycan şairi Nizami Gəncəvidən sitat gətirib: “Azərbaycanlı şair Nizami Gəncəvi öz şeirlərində söyləyib ki, müxtəlif çətin çağırış dövrlərində imkanlar tapmaq lazımdır. Bu imkanlar məhz sülh ilə gələcək və təbiətlə sülh yaratmalıyıq. Bu səbəbdən də bütün üzv dövlətlərdən və təşkilatlardan multilateral yanaşmağı və BMT-yə dəstək göstərməyi xahiş edirəm. COP29-da daha dəqiq tədbirlər, vaxtlar və son tarixlər ilə bir yerdə planetimizi qorumalıyıq. İndiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymalıyıq”.

Açılış mərasimində NASA astronavtları xanım Sunita Vilyams və Nik Heyqin beynəlxalq kosmik stansiyadan videomüraciəti nümayiş olunub.

Mərasim mədəni proqramla başa çatıb.

Sonra Liderlər Sammitinin ilk plenar iclası olub. İki gün ərzində sammitdə 80-dən çox ölkənin rəhbər şəxsləri çıxış edib.