Xəbər verdiyimiz kimi, noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi açılıb. Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilir.
Noyabrın 30-dək davam edəcək sərgidə ölkəmizdən, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları bir-birindən fərqli əsərlər yer alır. Sərginin məqsədi müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir.
Sərginin açılış mərasimində bir qələbəlik var idi. Bir sıra ölkələrin səfirləri, COP29-da iştirak etmək üçün ölkəmizə səfər edən qonaqlar və yerli mədəniyyət xadimləri və digər şəxslər qatılmışdı. İnsan seli seyrələndən sonra sərgilənən əsərlərlə yaxından tanış oluram. Xalça Muzeyi bu dəfə də fərqli bir layihə ilə ziyarətçiləri heyrətləndirə bilib.
İlk olaraq “Landşaft silsiləsi” və “Parıltı silsiləsi” adlı işlərdən söz açmaq istərdim. Əl işi olan bu xalçalar Şəmkir rayonunda fəaliyyət göstərən peşəkar toxucularla rəssam Aida Mahmudovanın işbirliyinin nəticəsidir. Onlar rəssamın dünyagörüşünü, onun ənənə və müasirliyin vəhdətindən ərsəyə gələn çoxqatlı fəlsəfi əsərlərinin mahiyyətini xalçalarda əks etdiriblər. Bu işlər cəmiyyətin gücünün, qadınların tükənməz yaradıcılıq enerjisinin sübutudur. Xalçalarda qədim sənətkarlıq texnikaları ilə müasir yanaşmanın harmonik ahəngi, keçmiş və müasir dövr arasındakı qırılmaz bağların təcəssümü əks olunub. Sənətinə yaxından bələd olduğum, dəfələrlə müsahibə aldığım Elmira Abbaslının ənənəvi texnika ilə metal tullantılardan, əsasən konserv qutularından şəbəkə texnikasında hazırladığı zərgərlik məmulatları da sərginin maraqlı eksponatları sırasındadır. Qadın bəzək dəstinə “piyaləzəng” sırğa, “sinəbənd” boyunbağı və “aynalı” kəmər daxildir.
Əsərləri hər zaman sənət aləmində müzakirələrə səbəb olan Faiq Əhmədin təqdim etdiyi layihə də unikallığı ilə seçilir. Rəssamın ikinci emalın beynəlxalq nişanı olan “Universal Recycling Symbol”u (sonsuzluq əlaməti olaraq Möbius lenti ilə qapanan üç ox) ifadə edən “Recycled” əsəri xovsuz xalça növlərindən olan cecimdən yaradılıb. Azərbaycan xalçalarının təsvir və ornamentlər sisteminin çağdaş müəlliflərin gələcək yaradıcılıq axtarışları üçün əsas mənbə olması və bunun milli ənənələrin qorunmasına zəmanət verməsi orijinal kompozisiyaya malik əsərin ötürdüyü əsas mesajdır.
Növbəti zalda sərgilənən daha maraqlı bir əsər isə “Dərviş”dir. Bu əsərin qarşısında xeyli insanın foto və video çəkdiyini görürəm. Əsər diplomat Nigar Axundovanın da diqqətini çəkib. Müəllifdən əsər haqqında məlumat alırıq. Məhər Məhərrəmov deyir ki, instalyasiyanı şüşə sənəti sahəsində apardığı təcrübələrin nəticəsi olaraq sintezləmə texnikasında modul hissələr əsasında yaradıb. Müəllif Azərbaycanın xovsuz xalça növü olan üzərində dəvə karvanı təsvir edilmiş şəddədən ilhamlanıb.
Sərgidə Məmməd Rəşidovun tullantı metal, məftil və s. kimi materiallardan dəvə karvanı “Yeni üfüq” əsərini, Milena Nəbiyeva “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə birgə corab toxunmasında istifadə olunan artıq saplardan yaratdığı “Bəhmənli” xalçasını seyr edirik. Təranə Əliyeva isə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə birgə xalça toxunan zaman sapların kəsilməsindən yaranan tullantılardan xalça yaradıb. Xalça ilin dörd fəslini təcəssüm etdirir.
Beynəlxalq sərgidə rusiyalı, meksikalı, ABŞ və BƏƏ-dən olan rəssamların əl işləri maraq doğurur. Diqqətçəkən qonaqlardan biri də Natalya Boçkarevadır. Aktrisa kimi məşhur olan Natalya həm də rəssamlıqla məşğuldur. Vaxtilə turist qismində Milli Xalça Muzeyini ziyarət edərkən burada nümayiş olunan eksponatlar xüsusilə “Gəncə-buta” xalçası öz rənginə və kompozisiya sxeminə görə sənətçini heyran edib. O, xalçalardan və ornamentlərin semantik mənalarından ilhamlanaraq şüşədən xalça yaradıb. Rusiyalı rəssam “Alovda doğulmuş” adlı əsərlə ictimaiyyətin diqqətini ətraf mühit problemlərinə yönəldir və sənətkarlıq nümunələrini yaratmaq üçün tullantılardan istifadə oluna biləcəyini göstərir. Sənətkar eyni ölçüdə, rəngi və forması uyğun gələn şüşə butulkaları toplayıb, onları əridərək “Gəncə-buta” xalçasının kompozisiyasını yaradıb.
Nnenna Okore (ABŞ) təkrar emal olunmuş qəzetlərdən, məftillərdən və akril boyadan hazırlanmış “Şans” adlı əsərini təqdim edir. Bu əsər dörd fəsli və qlobal istiləşmənin planetə təsirini metaforik olaraq əks etdirir. Burada rəssam tamaşaçıları ağlamaq üçün deyil, zövq almaq üçün bir dünya qurmağa səsləyir. Məhz bu baxımdan da əsər göz oxşayır.
Bir neçə gün əvvəl Meksika səfirliyinin təşkil etdiyi tədbirdə kiçik ölçüdə təqdim olunan taxta tozundan hazırlanan əsərin orijinal variantını da bu sərgidə görürük. Pedro Sezar Peralta “Kəsişən xətlər” əsəri ilə Azərbaycan və Meksikanın zəngin mədəni irsi olan xalça sənəti əsasında ənənələri, mədəniyyətləri birləşdirmək ideyasını reallaşdırıb. Əsər Bakıda keçirilən COP29-a həsr olunub.
Əməkdar rəssam Taryer Bəşirovun “Təbiətdən xalça naxışlarına” əsəri və COP29-a həsr olunan “Yaşıl dünya” xalçası Azərbaycan təbiətini tərənnüm edir. Muzeyin Ənənəvi texnologiya şöbəsində 50 rəng çalarından istifadə edilməklə ərsəyə gətirilən xalçanın hanadan kəsimi də elə sərginin açılışında reallaşıb.
Təbiət, xalça, insan, ekoloji tarazlıq və kainat. Sərginin mesajı da təmiz dünya, keçmişə ehtiram gələcəyə ümiddir. Düşünürük ki, bu unikal sərgini izləsəniz, gözünüz, könlünüz dinclik tapacaq.
Lalə Azəri