Kimisə, nəyisə müqayisə edəndə və ya bənzədəndə “kimi” qoşmasından istifadə edirik. Onu tanıyanlar yaxşı bilir ki, güclü xarakteri, böyük Vətən sevgisi, yüksək peşəkarlığı, sarsılmaz qüruru, dəyişməz idealları vardı Zülfüqar Rüfətoğlunun. O, Vətənini sevdiyinə görə repressiya edilən və uzaq Sibirdə ölən babası Zülfüqar Əhmədzadənin adını daşıyırdı, bənzərsiz satirikimiz Rüfət Əhmədzadənin oğlu idi.
“Ot kökü üstə bitər” ifadəsini əbəs yerə deməyib atalar. Bəli, sözün bütün mənalarında, öz kökünün üstündə bitmişdi. 35 ildir yaşadığı və bildiyim qədər soyuqqanlı insanları olan uzaq Londonda isti Vətən sevdasını, qaynar təbini, doğma Bakıya bağlılığını itirmədi...
Bu günlərdə (9 noyabr) onun vəfat xəbərinə çox sarsıldım. Qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin sayəsində Zülfüqar bəyi yaxından tanımaq, ünsiyyətdə olmaq imkanı qazanmışdım.
Bir neçə il əvvəl Bakıya növbəti gəlişində atası haqqında xatirələrini soruşub yazı hazırlamışdım. Onda mənə anlaşılmaz, bəlkə də uzaq görünən bir fikri indi ilğım kimi gözlərimi qaraldır: “Atam “xalq düşməni”nin oğlu ağrısı, münasibəti ilə yaşadı və heç vaxt barışmadı”...
O, çox sevdiyi Bakıya ildə bir dəfə də olsa, gəlirdi. Gəlişlərinin birində də hələ ki, ilk şeirlər kitabı olan “Mavigözlü ögey ana” (Londonu belə təsvir edirdi) kitabını imzalı hədiyyə etdi. Şəkil çəkdirdik. Sonra onun gənclik dövrünün jurnalistikasından danışdı. Dedi ki, hansısa yazıya, hətta bir sətiraltı mənalı sözə görə də sanki adamı məhşər ayağına çəkirdilər. O bu zillətlərdən çox keçmişdi deyə ürəyi dolu idi. Söhbətimizin sonunda ona “Zülfüqar bəy, siz biz nəsil jurnalistlərin ustadısınız” dedim. Unutmuram, “Zarafat eləməyin, cavansınız, özünə ustad deyənlərə də çox fikir verməyin. Jurnalistika fərdi peşədir. Hərə özü kimidir. Ya var, ya da yoxdur. Heç bilmirəm bu “ustad” sözünü kim ortaya salıb” deyib xəfif güldü.
Əslində, israrla yox, siz ustadsınız deyəndə 6 dildə sərbəst danışıb 4-ünü ana dili kimi bilən, jurnalistikanın bütün janrlarında mükəmməl yazan, bundan başqa, zəngin poetik dünyası olan bir insanın bu qədər təvazökar olması məni məftun etmişdi.
İndi o görüşləri xatırladıqca qəhər qarışıq qürurla “Nə yaxşı belə bir insanı şəxsən tanımışam” deyib amansız itkinin verdiyi kədər yükündə özüm üçün nəfəslik açıram...
Artıq neçə gündür ki, onun köhnə-yeni yazılarını, şeirlərini, hətta statuslarını oxuyuram. Bilirsiniz məni ən çox nə cəlb edir? 35 il Vətəndən uzaqda yaşayasan, poliqlot olasan, amma sadə ünsiyyətində belə bir kəlmə də olsun əcnəbi sözdən istifadə etməyəsən. Hə, məqamdır, qoy onu da deyim. Zülfüqar bəyin oğlu Tural Əhmədzadə körpəlikdən Londonda yaşayır. Orta və ali təhsilini orada alıb. BBC-də çalışıb, indi də İngiltərənin nüfuzlu qəzetinin bölmə rəhbəridir. O, ötən il Bakıda olarkən geniş söhbətimiz oldu. 4-5 dil bilən Tural da atası kimi bir kəlmə olsun rus, ingilis sözlərindən istifadə etmədi. Anasını körpə çağında itirən Turalın ana dilini bu qədər mükəmməl mənimsəməsi də, sözsüz ki, atasının sayəsində mümkün olmuşdu. Axı o, oğlunu
“Bu dünyada ən kədərli layladır
Ana deyil, tənha ata laylası.
Körpə idin, sığınardın sinəmə,
Nə bilərdin sinəm kədər laylası…” ilə böyütmüşdü...
Zülfüqar Əhmədzadə 22 iyun 1958-ci ildə Bakı şəhərində yazıçı, satirik şair Rüfət Əhmədzadənin ailəsində anadan olub. 1975-ci ildə 172 nömrəli orta məktəbi qızıl medalla başa vurub. 1980-ci ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki ADU) fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildən mətbuat sahəsində fəaliyyətə başlayıb, “Azərbaycan qadını” jurnalı, “Kommunist”, “Səhər”, müstəqillik illərində “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində çalışıb. 20 ilə yaxın Londonda BBC radiosunun Azərbaycan xidmətində fəaliyyət göstərib. 1996-cı ildə BBC-nin xətti ilə Ermənistanda, işğal altındakı Şuşa və Xankəndi şəhərlərində olub. Bu səfərdən sonra “Atəşkəs kölgəsində” adlı radiooçerklər silsiləsini qələmə alıb.
Bədii yaradıcılıqla da məşğul olan Zülfüqar Rüfətoğlunun şeirləri mütəmadi olaraq müxtəlif mətbuat orqanlarında dərc olunub. Görkəmli bəstəkarlar Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev onun sözlərinə mahnılar yazıblar.
Zülfüqar bəy, əslində, nikbin adam idi. Ünsiyyətcil, dürüst, fikirlərində azad və müasir. Ölkəmizdə baş verən bütün hadisələrdən xəbərdar idi. Vətən, vətənpərvərlik, Qarabağ onun üçün şərəf, ləyaqət məsələsi idi. Mənə görə, Vətən müharibəmiz üçün yazılan ən təsirli bədii nümunələrdən biridir “Avtobus” şeiri.
Heç vaxt unutmaram o avtobusu...
Adlar sadalandı, başlandı minik.
İki dayanacaq var idi yolda,
Biri qazilikdi, biri şəhidlik.
Nəğmə deyə-deyə, rəqs edə-edə,
Sanki gedirdilər toya, düyünə,
Az sonra avtomat asacaqdılar,
Hələ yük görməyən zərif çiyinə.
Heç görməmişdilər,
Eşitmişdilər adını Şuşanın,
Ya Zəngilanın,
Heç 19 yaşı hələ yox idi,
Mənim əvəzimə ölən oğlanın...
Lap tezdən getdilər,
Günəş doğmadan,
Körpə balaları oyatmadılar,
Hamı qayıtmaqçün çıxmışdı evdən,
Getdilər... Bir daha qayıtmadılar”...
“Tələsdi, nə yaman tələsdi bu qış, Gecikdi, gəlmədi gözlədiklərim” deyən şair ölümə tələsərək bizi xatirələrin ümidinə qoydu. Beləcə, bizim də “Yol çəkmək gözüm(üz)ün adəti oldu”.
Şair qəlbi görün nələrə üzülür, nələrin dərdini çəkir:
Qayıtmayan şeylər vardır,
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik” deyən dostlar,
Gedir və bizə qayıtmır.
Zülfüqar Rüfətoğlu aktiv sosial şəbəkə istifadəçisi idi deyə düşüncələrini, yaradıcılığını davamlı izləyirdim. Günlərin bir günü bərk darıxdığını hiss etmək və bəlkə də etdirmək üçün bir şeir paylaşmışdı. Şeir məni bərk tutmuşdu:
Daha zəng eləmirlər,
Darıxmıram heç mən də.
Əvvəlkitək dərd olmur
Qəfil yada düşəndə.
Şeir məni təzədən kitaba qaytardı və onun bütün vəfasızlara şillə kimi dəyən, əqidəsini satmışları şallaqlayan misralarını dönə-dönə oxudum:
Bilsək bizi kim satacaq,
Bəlkə heç nə danışmazdıq.
Özgə dərdə qarışmazdıq,
Təslim olub vuruşmazdıq,
Bilsək bizi kim satacaq...
Bütün ölümlər kədərlidir, bilirəm. Amma qürbət ölümü, qəriblikdə torpağa tapşırılmaq bu balaca dünyanın bəlkə də ən böyük əzabıdır. Məni bir də bu göynətdi. Zülfüqar bəyin Bakıda dəfni ilə bağlı çalışan, amma oğlu Turalın istəyinə qarşı çıxa bilməyən, qardaş itkisindən bir neçə saatın içində dünyanın ən kədərli adamına çevrilən zarafatcıl, şən Rəşad müəllimin “Hamımız Allaha bir can borcluyuq və mütləq bir gün gəldiyimiz kimi də gedəcəyik. Amma məni yandıran iki Azərbaycan sevdalısının – baba və nəvə Zülfüqarın Vətəndə dəfn olunmamasıdır. Babam soyuq Sibirdə, qardaşım da uzaq Londonda qaldı” deyib uzun sükuta qərq olmasını izləmək çox ağır idi...
Axı Zülfüqar Rüfətoğlu Londona “ögey ana” demişdi, ona heç öyrəşməmişdi. Əvəzində “Mənim uzaqlarda bir şəhərim var” dediyi Bakıya sevgisini az qala bütün şeirlərinə köçürmüş, həsrətini hər misrasına hopdurmuşdu.
90-cı illərin ortalarında qələmə aldığı bir şeirində, əslində, öz taleyini, ömrünün son akkordlarının ladını müəyyən etmişdi:
Mən Bakıda doğulub
Londonda ölərəmsə,
Kim mənə ağlayacaq,
Ağla məni, yu məni,
Ağla məni o ki var.
Sən hardan biləsən ki,
Mən həyatda o qədər
Göz yaşları qurutdum,
Özüm öz günümə,
Ağlamağı unutdum.
Elə bu misralarla da vidalaşıram Zülfüqar Rüfətoğlu ilə və deyirəm “Tələsdi, nə yaman tələsdi bu qış”...
Həmidə Nizamiqızı