Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29-da iştirak edən İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri Dana Firas və ICCROM-un (Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz) baş direktoru Aruna Françeska noyabrın 17-də Azərbaycan Dövlət Pantomima Teatrında “Manqurt” tamaşasını izləyiblər.
Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edir.
2012-ci ildən teatrın repertuarında olan tamaşa bu mövsümdə sənətsevərlərə yeni üslubda təqdim edilir.
Səhnə əsəri maraqla qarşılanıb.
Sonda yaradıcı heyətlə xatirə şəkilləri çəkdirilib.