Azərbaycanın yeni tarixinin əlamətdar günlərindən biri 17 Noyabr – Milli Dirçəliş Günüdür. 17 noyabr 1988-ci ildə Bakıdakı indiki Azadlıq meydanında ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq kütləvi mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycanın tarixinə milli dirçəliş hərəkatı kimi düşüb. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.

Bu gün münasibətilə bölgələrdə müxtəlif səpkili tədbirlər keçirilib.

***

Şabran rayon Heydər Əliyev Mərkəzi və Quba-Xaçmaz RGİİ-nin Şabran rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “17 noyabr milli birlik və həmrəylik günüdür” mövzusunda dəyirmi masa keçirilib.

***

Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayon mədəniyyət müəssisələri və MKS-nin birgə iştirakı ilə “Milli dirçəlişdən milli tərəqqiyə tarixi yolun başlanğıcı” adlı tədbir keçirilib. Çıxışlarda bildirilib ki, artıq 4-cü ildir Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. Sonda tədbir iştirakçıları əlamətdar günlə bağlı videoçarxı izləyiblər.

***

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Masallı Dövlət Regional Kollecində “Xalqın istək və məqsədindən güc alan bir gün” mövzusunda tədbir keçirilib. Çıxışlarda vurğulanıb ki, Milli Dirçəliş Gününün əsas amalı bugünkü gerçəyi müasir dövlətimiz – ərazi bütövlüyünü tam bərpa etmiş, bütün torpaqları üzərində suverenliyi  bərqərar olmuş Azərbaycandır.

***

Lerik rayon Mərkəzi Kitabxanasında təşkil olunan tədbirdə tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının başına gətirilən bəlalardan bəhs olunub. Bildirilib ki, bütün bunlara rəğmən xalqımız azadlıq, müstəqillik amallarını reallığa çevirməyə nail olub, tarix səhnəsində öz adını yazdıra bilib.

***

Ağstafa rayon Mədəniyyət Mərkəzinin rayon MKS ilə birlikdə keçirdiyi tədbirdə xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığı qeyd olunub.

***

Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “17 noyabr milli birlik və həmrəylik günüdür!” mövzusunda tədbir keçirilib. Sonda Milli Dirçəliş Gününə həsr olunmuş film nümayiş olunub.

Nurəddin Məmmədli