Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində İsmayıl Dağıstanlı adına Qax rayon Xalq teatrı tərəfindən “Qayınana əməliyyatı” tamaşası nümayiş olunub.

Gülşad Paşayevanın quruluş verdiyi səhnə işində Şəmsəddin Quliyev, Yusif Qurbanov, İbrahim Paşayev, Vüsalə Mustafayeva, Aydan Əhmədli, Nəvai Əliyev və Ceyran Rəcəbova çıxış ediblər.

Tamaşanı Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) rəhbərliyi, mədəniyyət işçiləri və rayon sakinləri izləyiblər.

***

Mərkəzi Aran RMİ-nin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Cəlaləddin Fərhadovun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.

Cəlaləddin Fərhadov 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Sabirabaddakı “Hophopnamə” kitab mərkəzində “Erudikon” adlı intellektual yarış keçirilib. Rayon Mərkəzi Kitabxanasının nəzdində fəaliyyət göstərən Sabirabad kitab klubu ilə birgə təşkil edilən yarışa həm Sabirabad rayonundan, həm də digər bölgələrdən komandalar qatılıb. “Mən bilmirəm” komandası yarışın qalibi olub. İlk 3 yerə layiq görülən komandalar müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıb.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən “Uşaq hüquqları aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində “Hüquqlarımızı öyrənək” adlı maarifləndirici tədbir keçirilib. Şagirdlərə uşaq hüquqlarının tarixi, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verilib. Sonda “Sənin hüquq və vəzifələrin” adlı sərgiyə baxış olub.

***

Ağdam rayon MKS-nin Üçoğlan kənd kitabxanası “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl dünyamızı qoruyaq!” adlı tədbir keçirib. Çıxışlarda ekoloji problemlər və onların həlli istiqamətində görülməli olan işlərdən danışılıb, COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb.

***

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşağın ailədə və cəmiyyətdə hüquqlarının qorunması” başlığı altında tədbir təşkil edib. Çıxışlarda şagirdlərə hüquqlarının pozulması hallarına qarşı necə davranmaları izah olunub.

***

Culfa şəhərində Vətən müharibəsinin şəhid leytenantı Yaqub Nəcəfovun xatirəsi yad olunub. Əvvəlcə şəhər qəbiristanlığında şəhidin məzarı ziyarət olunub. Sonra tədbir Y.Nəcəfovun ailəsinin yaşadığı mənzilin qarşısında davam edib.

Culfa rayon icra başçısının müavini Sara Hüseynova və digər çıxış edənlər şəhid zabitin döyüş yolundan, qəhrəmanlığından söz açıblar.

Daha sonra şəhidin xatirəsinə yaradılmış bulağın açılışı olub. Məhəmməd və Xuraman Nəcəfovlar övladlarının xatirəsini uca tutduqlarına görə hər kəsə təşəkkür ediblər.

Qeyd edək ki, Y.Nəcəfov Şuşa uğrunda döyüşlərdə şəhadətə ucalıb. Dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.

***

Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən RMİ-nin birgə təşkilatçılığı ilə “Qışlaqda bir gün” adlı tədbir keçirilib. Tədbirdə qış fəslinə uyğun olan kulinariya çeşidləri, əl işləri, xalçaçılıq sənətinin nümunələri nümayiş etdirilib, at yarışları təşkil olunub. Tədbir daha sonra konsert proqramı ilə davam edib.

N.Məmmədli