Lənkəran Dövlət Dram Teatrı “Prokuror” tamaşasını Şirvan şəhərində nümayiş etdirib. 

Şirvan şəhər Folklor evində göstərilən səhnə işini Şirvanın icra başçısı İlqar Abbasov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin pyesi əsasında hazırlanan tamaşada gənc hüquqşünas Şöhrət Poladovun ucqar bir rayonun prokuroru kimi üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələrək cinayətkar dəstəni zərərsizləşdirməsindən bəhs olunur.

Tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı isə Miranda Qurbanovadır. Səhnə əsərində rolları Sücəddin Mirzəyev, Qızılgül Quliyeva, Allahverən Babayev, Saleh Əzimzadə, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Əlirza Şahbazi, Vəfa Hacızadə, Teymur Hacızadə, Elvin Məmmədov və başqaları canlandırıb.