Lənkəran Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Dövlət Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə Qala xiyabanında “Yaşıl dünya naminə ekofestival” keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan festivalda Lənkəranın icra başçısı Taleh Qaraşov, Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov və başqa rəsmilər iştirak ediblər.

Rayonda fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı emalı müəssisələri, milli parklar, mədəniyyət, idman, turizm, orta və peşə təhsili müəssisələri hər biri öz pavilyonları ilə festivala qatılıblar. Festivalda yerli istehsal və emal müəssisələrinin çoxçeşidli məhsulları, ayrı-ayrı təsərrüfatlarda yetişdirilən ekoloji cəhətdən yüz faiz təmiz məhsullar, milli və yerli mətbəx nümunələri, sitrus meyvələri, çay, yerli sənətkarların əl işlərindən ibarət məhsullar nümayiş olunub. “Nənələr” və “Babalar” folklor rəqs qrupları və digər musiqi kollektivlərinin ifasında bədii proqram təqdim edilib.