AYB-dən “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət mövzusunda şeirlərdən ibarət “Yaşılım, yaşılım, hara gedirsən?” adlı şeirlər toplusu nəşr etdirib.

AYB-nin sədri Xalq yazıçısı Anar kitaba “Dünyanın yaşıllıq həsrəti” başlıqlı ön söz yazıb.

Nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir.

Kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub. Birliyin rəhbəri Arzu Bağırovanın “Köksü gözəl qaya dağlara gün dəyəndə...” sərlövhəli məqaləsi də nəşrdə yer alıb.

“Kitabi-Dədə Qorqud”dan müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər böyük bir dövrü əhatə edən, təbiətə həsr olunmuş poetik əsərlərdən nümunələr toplanmış nəşrin adı mərhum şair Eldar Baxışın şeirindən götürülüb.

Nəşrin üz qabığında görkəmli rəssam Səttar Bəhlulzadənin “Mənzərə” əsəri verilib. Kitabda Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad, Arif Əziz, Zahir Məlikli, Yusif Mirzə kimi fırça ustalarının da əsərlərinin reproduksiyaları yer alıb.