BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif səviyyəli ikitərəfli görüşlər üçün də mühüm platformadır.
Noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti xanım Dana Firas arasında görüş keçirilib.
Qonağı salamlayan nazir bu mötəbər tədbirdə iştirakına görə ona təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əlaqələri mövcuddur. Mədəniyyət sahəsində də əlaqələri inkişaf etdirmək üçün perspektivlər var.
Xanım şahzadə ölkəmizə səfərindən və yüksək səviyyədə təşkil olunan COP29 tədbirində iştirakından məmnunluğunu dilə gətirib. O, noyabrın 15-də Azərbaycan Dövlət Pantomima Teatrında baxdığı tamaşanın (Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərinin motivləri əsasında hazırlanan “Manqurt” tamaşası – red.), aktyorların ifasının onda dərin təəssürat doğurduğunu deyib.
Söhbət zamanı COP29 çərçivəsində müzakirə olunan məsələlər, eləcə də iqlim və mədəni irs gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.