Muzey işi, mədəni irsin qorunması və bərpası məsələləri müzakirə olunub
COP29 çərçivəsində noyabrın 16-da mədəniyyət naziri Adil Kərimli Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru xanım Medea Ekner ilə görüşüb.
Qonağı salamlayan nazir bildirib ki, Azərbaycan dövləti tarixi-mədəni irsin qorunduğu muzeylərin fəaliyyətinə xüsusi diqqət göstərir. Azərbaycanın aparıcı muzeyləri fəaliyyətini müasir tələblər səviyyəsində qurur, dünyanın məşhur muzeyləri ilə, o cümlədən ICOM-la əməkdaşlığa əhəmiyyət verirlər.
ICOM-un rəhbəri qurum haqqında məlumat verib, həyata keçirdikləri tədbir və layihələrdən danışıb.
Medea Ekner Azərbaycan muzeylərinin şura ilə əməkdaşlığını yüksək qiymətləndirib, həmçinin milli komitənin qurumun işində aktiv iştirak etdiyini diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan muzeylərinin ICOM-un layihələrinə cəlb olunması, ölkəmizin təşkilatın 2025-ci ildə Dubayda (BƏƏ) keçiriləcək baş konfransında təmsil olunması məsələləri ilə bağlı müzakirə aparılıb.
***
COP29 çərçivəsində nazir Adil Kərimlinin Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru xanım Aruna Françeska Maria Gujral ilə də görüşü olub.
Nazir qeyd edib ki, Azərbaycan dövləti mədəni irsin qorunmasını və bərpasını daim diqqətdə saxlayır. Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin, ziyarətgahların bərpasında, qorunmasında uğurla iştirak edib. Azərbaycan Parisdəki Luvr Muzeyinin İslam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq Kafedral kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırıb.
Qonağa 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində tarixi-mədəni irsimizə qarşı həyata keçirilən vandalizm və talan haqqında da məlumat verilib. Bildirilib ki, dağıdılıb talan olunmuş abidələrin bərpası istiqamətində sistemli iş aparılır.
ICCROM-un baş direktoru COP29-un yüksək səviyyədə təşkilinə və görüşmək imkanına görə təşəkkürünü bildirib.
Söhbət zamanı ölkəmizlə ICCROM arasında əməkdaşlığın inkişafı, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə birgə təlimlərin, seminarların təşkili və digər məsələlərlə bağlı müzakirə aparılıb.
Görüşlərdən sonra hər iki qonağa xatirə hədiyyələri təqdim edilib.