“Culture Network House” İctimai Birliyi “Rənglərin harmoniyası-rəsm yolu ilə psixoterapiya” layihəsi çərçivəsində 10 təlim keçirib. Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən təlimlər Bakı ilə yanaşı Neftçala və Salyan təşkil olunub.

Agentlikdən bildiriblər ki, layihədə “Culture Network House” İctimai Birliyinin sədri Aynur Süleymanzadə, layihənin işçi qrupu, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin nümayəndələri, gənclər və məktəblilər iştirak ediblər.

Layihə çərçivəsində bölgələrdə iştirakçılar üçün 2 qrupla terapiya təlimi keçirilib. Birinci qrupda şəhid ailələri və aztəminatlı ailələrin üzvləri, ikinci qrupda isə şəhid övladları və yeniyetmələr iştirak ediblər. İştirakçılara layihə rəhbəri və işçi qrup üzvləri tərəfindən layihənin məqsədi, art terapiyanın prinsipləri, rənglərin insan psixikasına təsiri, emosiyaların idarə edilməsinə təsiri və s. barədə geniş məlumat verilib.

İzoterapiya art terapiyanın ən populyar sahələrindən biridir. Onun mahiyyəti təsviri sənətdən pedaqoji, psixoterapevtik məqsədlər üçün istifadə etməkdir və adətən rəsm şəklində həyata keçirilir. Belə ki, təlimlərdə nəzəri biliklər yiyələnən iştirakçılara öyrəndiklərini praktiki təcrübədən keçirmə şansı yaradılır. Bu, onların davranış bacarıqlarına, iş qabiliyyətlərinə müsbət təsir göstərir. Art terapiyalar vasitəsilə xidmət, iştirakçılarda stressin azalması, özünəinamın yüksəldilməsi, sosial adaptasiya, bacarıqlarının formalaşdırılmasını və s. nəticələri özündə birləşdirir. Təlim zamanı həmçinin qum terapiyası, daha sonra musiqi və rəsm terapiyası tətbiq olunub. Beləliklə, layihə iştirakçılarının mənəvi-ruhi, psixoloji-emosional hallarında müsbət dəyişikliklər və irəliləyişlər proqnozlaşdırılır.

Qeyd edək ki, layihə sosial–psixoloji vəziyyəti gərgin olan şəhid ailələrinə, müharibə veteranlarına, az təminatlı ailələrdən olan ana və uşaqlarda art terapiya metodu vasitəsilə emosional vəziyyətin yaxşılaşdırılmasına və sabitləşdirilməsinə, stressin azaldılmasına, özünəinamın artırılmasına dəstək olmaq məqsədilə həyata keçirilir.