AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Rəyasət Heyətində müşavirə keçirilib.

AMEA-dan bildirilib ki, müşavirədə AMEA-nın 80 illiyi ilə əlaqədar hazırlanan nəşrlərlə bağlı müzakirə aparılıb.

Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli akademiyanın yubileyi ilə bağlı çapı nəzərdə tutulan monoqrafiyalar haqqında ətraflı məlumat verərək diqqətə çatdırıb ki, “Simalar” kitabı artıq son redaktə mərhələsindədir. AMEA rəhbəri, həmçinin “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” monoqrafiyasının, AMEA-nın Elmi bölmələrinin keçdiyi inkişaf yolu haqqında bir neçə monoqrafik əsərin, Azərbaycan, rus və ingilis dillərində tanitma kitabının, əvvəlki illərdə elmi qurumun rəhbər heyətində təmsil olunmuş görkəmli akademiklərin biblioqrafik göstəricilərinin yazılıb çapa hazırlanması prosesi haqqında danışıb. Akademik İsa Həbibbəyli kitabların çapa hazırlığının gələn ilin yanvar ayınadək tam başa çatdırılması barədə müvafiq tapşırıqlarını verib, təkliflərini bildirib.

Müşavirədə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi çərçivəsində keçirilən tədbirlərdən söz açılıb. Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladan akademik İsa Həbibbəyli yubileylə bağlı AMEA-nın təşkilatçılığı ilə keçirilən tədbirlər, o cümlədən beynəlxalq elmi konfranslar və sərgilər, ölkədə və xaricdə təşkil olunmuş toplantılarda AMEA əməkdaşlarının yüksək səviyyədə təmsil olunması, il ərzində akademiyada işıq üzü görmüş kitablar barədə ətraflı danışıb. Bildirib ki, yekun tədbir noyabrın sonunda təşkil olunacaq.

Daha sonra AMEA-da 2024-cü ildə aparılan elmi-tədqiqat işləri üzrə hesabat iclaslarının və elmi müzakirələrin keçirilməsi məsələsi müzakirə edilib. Müzakirələrdə AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva və akademik-katib akademik Arif Həşimov təklif və mülahizələrini səsləndiriblər.