Ermənilərin Bakıda törətdiyi qırğınlardan bəhs edir
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə “Mişkat” təxəllüslü şairin “Badkubə vaqiəsinin tarixi” əsəri transfoneliterasiya olunaraq kitab şəklində nəşr olunub.
Əsəri institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyi İrs komissiyasının sədri Sona Xəyal transfoneliterasiya edib nəşrə hazırlayıb.
Kitabda 1905–1906-cı illərdə Bakıda baş verən erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi qırğınlardan bəhs edilir.
Kitabda bir çox mətləblərə toxunulur, tarixi hadisələr xatırlanır, bəzi peyğəmbərlərin həyatından söz açılır. Hikmətli fikirlərlə bədnam ermənilərə tarixdən ibrət almaq tövsiyə olunur.
Yeni nəşrin redaktoru Əlyazmalar İnstitutu Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva və Qutiyera Cəfərova, ön sözün müəllifi Sona Xəyaldır.
Qeyd edək ki, şair Mişkat “Sülhnamə” (1905), “İttihadiyyə” (1906), “Səyahəti-ənfüsiyyə” (1906), “Mərifətnamə” (1907) və “Şərafətnamə” (1908) əsərlərinin də müəllifidir.