11–22 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 200-dək ölkədən minlərlə qonağın iştirak etməsi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, incəsənətinin dünyaya bir daha tanıdılması üçün əlavə fürsət idi.
Xəbər verdiyimiz kimi, bu günlərdə paytaxtın aparıcı muzeylərinin də çoxsaylı ziyarətçiləri olub.
Milli Azərbaycan Tarixi Muzeyi də COP29 günlərində müxtəlif ölkələrdən ziyarətçi qəbul edib. Ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri və Petra Milli Trestinin sədri xanım Dana Firas da Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olub.
Direktor akademik Nailə Vəlixanlı qonağa muzeyin tarixi binası və kolleksiyası haqqında məlumat verib. O, muzeyin ekspozisiyasında nümayiş olunan arxeoloji nümunələrə, Orta əsrlərə aid sənət əsərlərinə, milli geyimlərə baxıb. Muzeylə tanışlığın onda böyük təəssürat doğurduğunu deyən xanım Firas fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Şahzadə Dana Firasa Azərbaycan xanımlarının milli baş örtüyü – kəlağayı hədiyyə edilib.
COP29 çərçivəsində Azərbaycana gəlmiş Palau Respublikasının (Sakit okeanda Mikroneziya arxipelaqında kiçik ada-dövlət) Prezidenti Surangel Uipps də Milli Azərbaycan Tarixi Muzeyində olub.
Muzeydən bildirilib ki, qonağa yeni ekspozisiyada nümayiş olunan, Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən eksponatlar barədə məlumat verilib, ölkəmiz haqqında kitab hədiyyə edilib. Muzeyin kolleksiyasında nümayiş etdirilən qədim arxeoloji tapıntılar, etnoqrafik materiallar qonağın marağına səbəb olub.
***
COP29-un qonaqlarının maraqla ziyarət etdiyi məkanlardan biri də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Bu günlərdə muzeyə gələnlər arasında Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya İdarəsinin əməkdaşları da olub.
Muzeyin direktoru akademik Rafael Hüseynov onları “İstiqlal zalı” ilə tanış edib, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının 1919–1920-ci illərdə bu binada fəaliyyətindən danışıb. Direktor Azərbaycan mətbuatının yaranması və 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşrindən söz açıb.
Qonaqlara akademik R.Hüseynovun mütəfəkkir şair İmadəddin Nəsimi haqqında yazdığı və dörd dildə nəşr edilən “Zamansız və məkansız”, dahi şair Məhəmməd Füzulinin yaradıcılığından bəhs edən “Yoxdan var” kitabları, Məhsəti Gəncəvinin portret-oçerkinə və muzeydəki xalçalara dair açıqca dəstləri təqdim olunub.
Media nümayəndələri muzeyin ekspozisiyasında Azərbaycan milli mətbuatının tarixini əks etdirən “Əkinçi”, “Kəşkül”, ipək parça üzərində nəşr olunmuş “Həyat”, “Nicat” qəzetləri, həmçinin 1906-cı ildə nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının nüsxələri və digər eksponatlarla tanış olublar.