Noyabrın 24-dən 30-dək Almatıda “Avrasiya” XVII Beynəlxalq Film Festivalı keçiriləcək. Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təsis etdiyi festivalın təşkili Şaken Aymanov adına “Qazaxfilm” Milli Kinostudiyasına həvalə olunub.

Festivalda Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Türkiyə, İran, Belarus və Rusiya təmsil olunacaq. Budəfəki proqrama miqrasiya və şəxsiyyət axtarışının aktual mövzularını qaldıran ekran əsərləri daxildir. Bundan əlavə, festival çərçivəsində prodüserlik, ssenaristlik və kinematoqrafiya üzrə ustad dərsləri təşkil olunacaq.

Azərbaycan festivalda Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Məryəm” filmi ilə təmsil olunacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının TRT və “Sinema evi” ilə müştərək istehsalı olan filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, prodüserləri Fariz Əhmədov, Suat Köçər, Elçin Musaoğlu, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərlidir.

Ekran əsərinin süjet xətti Məryəm adlı qızın dünyasını dəyişmiş atasını görmək üçün uzun illər sonra Azərbaycana gəlişi üzərində qurulub. Rolları Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Ayşad Məmmədov, Qəmər Məmmədova, aktyorlar Təhminə Rafaella, Zaur Şəfiyev, Ərtoğrul Kamalov və başqaları oynayır.

Lalə