Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi və “EN Group Production”un birgə təşkilatçılığı ilə İzzət Abdurahmanov adına Şəki rayon Oraban kənd tam orta məktəbinin müəllimi, həvəskar rəssam Könül Salahovanın “Könülün dünyası” adlı rəsm sərgisi keçirilib. Çıxış edənlər gənc rəssamın yaradıcılığa, incəsənətə olan həvəsindən və bacarığından söz açıblar.
Tədbirdə Şəki məktəblərinin 20-dən artıq şagirdi “Könüllülərdən könülə” müsabiqəsinə qatılaraq “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş rəsmlər çəkiblər. Qaliblər fəxri fərmanla təltif ediliblər.
***
Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran RMİ-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağdaş rayonunda ağacəkmə aksiyası keçirilib. Rayonun icra başçısı Orxan Hüseynzadə, Mərkəzi Aran RMİ-nin rəisi Aydın Bəşirov, icra hakimiyyətinin və regional idarənin məsul əməkdaşları, Ağdaş rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər. Aksiya zamanı ümumilikdə 700-ə qədər müxtəlif növ ağac tingi əkilib.
***
Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 20 noyabr – Ağdam Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib. Bildirilib ki, işğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ermənistan məqsədli şəkildə mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, təhqir və qarət edib. Ağdam rayonunun işğaldan azad olunması ilə Azərbaycan həm müharibə, həm də diplomatiya müstəvisində parlaq Qələbə qazanıb.
Sonda Ağdam şəhərinin keçmişini və azad ediləndən sonrakı dövrünü əks etdirən film nümayiş olunub.
***
Masallı rayon Mərkəzi Kitabxanasında “Ailə milli varlığımızı və mənəvi dəyərləri qoruyan təsisatdır” mövzusunda dəyirmi masa təşkil olunub. Çıxış edənlər Azərbaycanın tarixən çox gözəl və zəngin ailə ənənələri olduğundan söz açaraq həmin ənənələrin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.
N.Məmmədli