Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağlarının hər hektarına görə fermerlərə 8000 manat əkin subsidiyası veriləcək.
Armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz edilməli, hər hektarda ən azı 2 450 sertifikatlı ting əkilməlidir.
Qeyd olunan tarixlərdə salınan, lakin yuxarıdakı tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası veriləcək. Eləcə də 2021-ci il sentyabrın 1-dən əvvəl salınmış armud bağlarının hər hektarına görə 310 manat subsidiya ayrılacaq.
Məlumatlara görə, bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara ümumilikdə 48 milyon dollar dəyərində 75 min tonda çox alma, armud və heyva ixrac olunub.