Yerlərdə “Uşaq hüquqları aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində bir sıra tədbirlər keçirilib.

Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Hüseyn Arifin Ev-Muzeyi və 1 saylı Folklor klubu tərəfindən “Uşaqların hüquqlarını qorumaq bizim borcumuzdur” adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis uşaq hüquqları Bəyannaməsi, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında Konvensiya qəbul edib. Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir.

Ağstafa Dövlət Rəsm Qalereyası tərəfindən şəhər 2 saylı körpələr evi-uşaq bağçasında təşkil olunan tədbirdə çıxış edənlər uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat veriblər. Daha sonra uşaq və yeniyetmələrin əl işlərindən ibarət səyyar rəsm sərgisi təqdim olunub.

***

Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayon Heydər Əliyev Mərkəzi Mərkəzi Kitabxana ilə birgə və “Hüquqlarını bil və faydalan” mövzusunda informasiya saatı təşkil olunub. Uşaqlar arasında hüquqi maarifləndirmənin aparılması məqsədi daşıyan tədbirdə uşaqlara hüquqi nəşrlər haqqında məlumat verilib, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqazidd əməllərə qarşı aparılan mübarizədən danışılıb, onlara hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah edilib.

***

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Quba rayon MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları və 7 saylı körpələr evi-uşaq bağçasının fidanları iştirak ediblər.

***

Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Dövlətimizin tamhüquqlu vətəndaşları” adlı tədbir keçirilib. Suveren dövlətimizin azyaşlı sakinlərinə hüquqları haqqında məlumatlar verilib, diskussiyalar təşkil olunub.

***

Astara rayon Pensər kənd kitabxana filialında “Uşaqlar və hüquqları” mövzusunda tədbir keçirilib. Bildirilib ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması dövlət-uşaq siyasətinin ayrılmaz tərkib hissəsidir.

Sonda kitabxananın əməkdaşları oxucularla uşaq hüquqları ilə bağlı söhbət aparıblar.

***

Xaçmaz rayon Mərkəzi Kitabxanasının “Uşaq hüquqları uşaqların gözü ilə” adlı məlumat saatı keçirib. Uşaqlara əmək hüquqlarının yaranma tarixi, hazırda qanunvericilikdə uşaqlar üçün nəzərdə tutulan hüquqlar, təminat və güzəştlər, dövlət tərəfindən uşaqların əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Sonra uşaqları maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzu ilə bağlı tövsiyələr verilib. Tədbirin sonunda iştirakçılar “Uşaq hüquqlarının informasiya mərkəzi” adlı sərgi ilə tanış olublar.

Nurəddin Məmmədli