Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə qazanılan qələbələr sayəsində 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğalda olan hissəsi bir güllə belə atılmadan azad edilib. Prezident İlham Əliyevin müvafiq (2023-cü il iyulun 31 tarixli) sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Ağdamın işğaldan azad olunmasının dördüncü ildönümü və Ağdam Şəhəri Günü münasibətilə Quzanlı qəsəbəsinin girişindəki Bayraq meydanında tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir zamanı əvvəlcə Şəhidlər xiyabanı və Şəhidlər Abidə Kompleksi ziyarət olunub.

Bayraq Meydanında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı birgə bəyanata əsasən, Ağdam rayonunun işğal olunmuş ərazisinin 2020-ci il noyabrın 20-də Ermənistan ordusu tərəfindən boşaldılmasından, Azərbaycan Ordusunun heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil olmasından danışıblar.

Tədbirin bədii hissəsində Ağdam Musiqi Kolleci “Qarabağ” instrumental ansamblının müşayiəti ilə konsert olub. Əməkdar artist Fehruz Səxavətin və kollecin müəllimlərinin ifasında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri təqdim edilib.