Mədəniyyət Nazirliyinin müəyyən etdiyi müasir və yaradıcı baxış strategiyasına uyğun olaraq, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Beyləqan rayon Mədəniyyət Mərkəzində “Sandıq” milli geyimlər studiyası yaradılıb.
Maddi mədəniyyətin bir hissəsi olan milli geyimə tələbatın ödənilməsi, eyni zamanda Azərbaycan mədəniyyətinə xas olan xüsusiyyətləri əks etdirən milli geyimlərin təbliğ olunması və bu sahədə milli mədəni-tarixi ənənələrin yaşadılması məqsədilə yaradılmış studiya regionda bir ilkdir.
Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin bariz göstəricisi olan milli geyimlərin mütəmadi olaraq sərgilənməsi, milli geyimlərlə bağlı təbliğat işlərinin genişləndirilməsi yeniyetmə və gənclərin qədim irsə hörmət ruhunda tərbiyələndirilməsinə önəmli töhfədir.
Geyim emalatxanası kimi fəaliyyət göstərəcək “Sandıq” studiyasında tarixi ənənəmizi əks etdirən, gözəlliyi, əlvan naxışları göz oxşayan milli geyim nümunələri özəl sektorun cəlb edilməsi yolu ilə, peşəkar dizayner-dərzi tərəfindən, keçmişdən bizə məlum olan eskizlər nəzərə alınaraq tikilib icarə və ya satış yolu ilə sakinlərin istifadəsinə veriləcək.
“Sandıq” studiyası regionda mədəniyyət sahəsində dövlət-özəl sektorunun əməkdaşlığına əsaslanan ikinci layihədir.
Milli dəyərlərin qorunması, təbliği və yaşadılması məqsədilə yaradılan studiya milli geyimlərin icarəsi, satışı, xüsusi sifarişlər üzrə geyim hazırlanması, təqdimat və sərgilər, təlim və seminarlar, foto və video çəkilişləri, dizayn və məsləhət xidməti, geyim restavrasiyası kimi xidmətlər təklif edəcək.
Qeyd edək ki, Beyləqan rayon Mədəniyyət Mərkəzində “Sandıq” milli geyimlər studiyasının açılışı 26 noyabrda (saat 15:00) keçiriləcək.