Azərbaycan paytaxtında 12 gün davam edən və dünya gündəminin ilk sıralarında olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29 noyabrın 22-də işini başa vurmalıdır.
Qeyd edək ki, builki COP-un başlıca hədəfi qlobal iqlim dəyişiklikləri ilə mübarizənin maliyyətini müəyyən etmək idi. Yəni dövlətlər buna nə qədər vəsait ayıra və karbon emissiyalarını azaltmaq üçün nə qədər öhdəlik götürə bilər. Təbii ki, bu xüsusda əsas söz sənaye baxımından daha güclü (deməli, atmosferi daha çox çirkləndirən) və maliyyə imkanı daha çox olan böyük dövlətlərə, ilk növbədə, ABŞ və Çinə düşür.
Dünənədək olan açıqlamalardan belə görünürdü ki, prosesdə tam nikbinliyə elə də əsas yoxdur.
“119 ölkə özünün biomüxtəliflik hədəflərini təqdim edib. Lakin acı reallıq odur ki, həmin öhdəliklərin arxasında maliyyə dayanmır. Bizə sürətli tədbirlər və ciddi keçidlər lazımdır... Bəzi ölkələrin, o cümlədən Çin və ABŞ-nin milli səviyyədə müəyyən edilmiş töhfələri (NDC) qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir” – bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen deyib.
Onun sözlərinə görə, 2023-cü ildən bəri emissiyalar 1,3 faiz artıb: “Qlobal istilik artımı həddinin 1,5 dərəcə səviyyəsində qalmasını təmin etmək üçün hələlik götürdüyümüz öhdəlikdən uzağıq, həmçinin istixana qazlarının emissiyasında artım qeydə alınır. Biz emissiyanı azaltmasaq, 1,5 dərəcə hədəfinə nail olmayacağıq”.
“Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik. Bütün tərəflərin 1,5 dərəcə ilə uyğunlaşdırılmış yeni milli planlar təqdim etmələrini təmin etmək vacibdir. Hər bir hökumətə, eyni zamanda, emissiyaların azaldılmasını sürətləndirərək təmiz, ucuz bərpaolunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı vermək lazımdır” – bunu isə BMT-nin Baş katibi Antonio Quterreş bildirib. Qeyd edək ki, A.Quterreş COP29-u yekunlaşdırmaq üçün noyabrın 21-də yenidən Bakıya gəlib.
Maliyyə artımının vacibliyini vurğulayan baş katib diqqətə çatdırıb ki, maliyyə nəzarəti olmayan iqlim xaosu hamımıza zərbə vuracaq: “İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır. Hələ də vaxtımız var. Düşünürəm ki, bu mümkündür. Əminəm ki, razılaşmaya nail olunacaq. Əsas məsələ tərəflərin ilkin mövqeyinin nə olması deyil. Əsas məsələ ambisiyalı nəticələrə gətirib çıxaracaq kompromis yollarını tapmaqdır”.