COP29-da növbəti panel

 

Noyabrın 21-də COP29 çərçivəsində Azərbaycan pavilyonunda “Yaradıcı müzakirələr: yaradıcı sənayelərin iqlim dəyişmələrinə təsiri” mövzusunda panel keçirilib.

Panel Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yaradıcı Mərkəz və “Yaradıcı müzakirələr” layihəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirin iştirakçıları arasında Azərbaycan Respublikasının Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli və digər qonaqlar olub.

Panelin moderatoru, startaplar üzrə tanınmış mütəxəssis Tal Katran tədbir haqqında məlumat verib. Qeyd edib ki, paneldə yaradıcılıq sənayelərinin (oyun, animasiya, film, musiqi və rəqəmsal media) iqlim dəyişikliyi və davamlılıq üzərindəki təsiri araşdırılacaq: “İstehsal prosesində davamlı müasir metodların tətbiqi, innovativ texnologiyalardan istifadə, eyni zamanda dövri dəyər zəncirləri nəzərə alınmaqla yaradıcılıq sənayeləri ətraf mühitə təsirləri azalda bilər. Bundan əlavə, bu prosesdə mədəni davranışlar da əhəmiyyət daşıyır. İqlimlə bağlı davamlı maarifləndirici tədbirlərin təşkilinə də diqqət yetirilməlidir.

“Outra Onda Conteudo” şirkətinin direktoru Eduardo Karvalho yaradıcı iqtisadiyyat klasterlərinin idarə edilməsi ilə bağlı yanaşmalarını diqqətə çatdırıb. Deyib ki, yaradıcılıq sənayeləri daxilində innovativ tətbiqlər bu istiqamətdə prosesləri sürətləndirə bilər. Natiq həmçinin maarifləndirici sərgilər və virtual platformalar vasitəsilə karbon təsirlərinin minimuma endirilməsinə töhfə verməyin mümkün olduğunu deyib.

“İkonoTV”nin təsisçisi və baş direktoru Elizabet Markeviç yaradıcılıq sənayelərinin qlobal miqyasda iqlimə münasibətdə şüurlu davranışları təşviq etmək imkanlarından söz açıb. O, “İkonoTV”də yaradıcılığı davamlılıqla uyğunlaşdırmaq üçün tətbiq edilən strategiyaları da diqqətə çatdırıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov yaradıcılıq sənayeləri ilə bağlı təcrübələrin davamlı mənimsənilməsi və yaşıl istehsal metodlarına keçidin dəstəklənməsinin zəruriliyini qeyd edib.

Yaradıcı Mərkəz haqqında məlumat verən şöbə müdiri deyib ki, mərkəz “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində təsis edilib. Yaradıcı Mərkəz innovativ ideyaları yüksəkkeyfiyyətli məhsullara çevirməyə fokuslanaraq bacarıqların təkmilləşdirilməsi və kommersiyalaşdırma, peşəkar təlimlər, həmçinin biznes mülkiyyəti ilə bağlı ekspert xidmətləri təqdim edir. Mərkəzin fəaliyyət sahələrinə kino, animasiya, incəsənət, oyun inkişafı, musiqi, media və digər yaradıcı klasterlər daxildir.

UNICEF-in proqram mütəxəssisi Alla Tynkeviç yaradıcılıq sənayelərinin onun təmsil etdiyi təşkilatla əməkdaşlığı məsələsinə toxunub, gənc nəsillərdə ekoloji şüurlu davranışları təşviq etmək üçün görülə biləcək işlərdən bəhs edib.

Sonda panel iştirakçılarının sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.

Nurəddin