Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında teatrın bədii rəhbəri, bəstəkar, pianoçu, Xalq artisti Salman Qəmbərovun növbəti musiqi layihəsi təqdim edildi. Xalq artistinin rəhbəri olduğu “Bakustik” caz qrupunun müşayiəti ilə teatrın solisti İlhamə Qasımovanın ifasında bəstəkar və xalq mahnılarının yeni caz üslubunda işləmələri səsləndirildi.
Noyabrın 22-də gerçəkləşən konsertdə ifa olunan dillər əzbəri mahnılar yeni nəfəsdə, yeni improvizələrdə tamaşaçılara böyük musiqi zövqü bəxş etdi. Salman Qəmbərovun, qrupun üzvləri Əməkdar artist İsgəndər Ələsgərov, Fuad Cəfər, Tofiq Cabbarov və Firudin Rəhmanovun müşayiət və soloda təqdimatları alqışlarla qarşılandı.
Layihənin qonağı olan ifaçı Rövşən Qəhrəmanov da Salman Qəmbərovun iki yeni işləməsini yeni nəfəsdə ifa etməklə illərdir sevdiyimiz mahnılara dinləyicilərdə müsbət auralı bir başqa baxış yarada bildi.
Qeyd edək ki, S.Qəmbərov öz musiqi layihələrində nəinki müxtəlif səpkili alətləri bir araya gətirir, eləcə də fərqli üslublarda ( xanəndə, vokal, estrada) ifa edən müğənnilərlə çalışır. Layihənin premyerası bu ilin aprel ayında İstanbul şəhərində Rəşid Rey konsert salonunda keçirilmişdi.
Lalə