Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən söz düşəndə ilk xatırlananlardan biri də şair və tərcüməçi İlyas Tapdıqdır. O, müasir uşaq ədəbiyyatı sahəsində özünəməxsus dəst-xətti olan şair kimi yaddaşlarda heykəlləşib. Yurdumuzun təbiət gözəlliklərini də vəsf edən müəllifin “Bildirçin”, “Dəmirağac”, “Qaçaq dovşan” və “Bir şəhiddir ürəyim” adlı əsərləri ədəbi aləmdə, xüsusilə, maraq doğurub. Şairi anadan olmasının 90 illiyi münasibətilə yada saldıq.
İlyas Oruc oğlu Tapdıqov 30 noyabr 1934-cü ildə Gədəbəy rayonunun Əli İsmayıllı kəndində dünyaya göz açıb. Uşaqlıq illəri qanlı-qadalı II Dünya müharibəsi illərinə təsadüf edir. Oruc kişi müharibədən qayıtmır, uşaqları ana himayəsində böyüyürlər. İlyas Tapdıq sonralar həmin günləri xatırlayaraq deyib:
“Anam zülm-zillətlə bizi böyütdü. Mənim uşaqlığım olmayıb. Yadımdadır, atamın “qara kağız”ı gəlmişdi. Anam ucadan acı-acı ağlayırdı. O səs hələ də qulaqlarımdan çəkilməyib. Anam bir gün düyünçəsindən atamın son məktubunu çıxarıb mənə oxutdu. Anam bilmədi məktubu oxuyanda mən nələr yaşadım, nə hisslər keçirdim. O məktuba şeir yazmışdım. Anam dünyasını dəyişəndə 103 yaşı vardı. Xəstəlikdən dünyasını dəyişmədi. Həyətdə yıxıldı, başı dəmirə dəydi. Elə onunla da həyata əlvida dedi”.
İlyas Tapdıq rayonun Kiçik Qaramurad kənd məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə qəbul olunur. Erkən çağlardan poeziyaya maraq göstərir. Ədəbi yaradıcılığa 19 yaşında, tələbə ikən “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeirilə başlayır.
İlyas Tapdıq yaradıcı və bənzərsiz şairdir. Onun uşaq və böyüklər üçün 40-a yaxın kitabı çap olunub. Əsərləri bir çox mükafatlara layıq görülüb. Yaradıcılığı haqqında bir sıra görkəmli şair və yazıçılar, o cümlədən Süleyman Rəhimov, Osman Sarıvəlli, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Məmməd Araz qiymətli fikirlər söyləyiblər.
Şair sanki sözdən ilmə vurub naxışlar düzərək poetik lövhələr yaradıb. “Dəvələr” şeiri ədəbiyyatımızın klassik nümunələrindən birinə çevrilib:
Nənənin evində gəbə var,
Gəbənin üstündə dəvə var,
Dəvənin belində təpə var,
Təpənin üstündə nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır təpələr,
Təpələr üstündə oynayır nəvələr.
Yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayev onun poeziyası haqqında yazırdı: “Azərbaycan oxucusu İlyas Tapdığı səmimi, səmərəli lirik şeirləri ilə tanıyır. Onun şablondan, çılpaq təbliğatdan uzaq – orijinal və şairanə tematikası vardır”.
Şair uşaqlar üçün qələmə aldığı əsərlərdə də yurdumuzun təbii gözəlliklərini təbliğ etməyə çalışıb. “Bildirçin” şeiri uşaqların çox sevdiyi, həvəslə oxuduğu və əzbər söylədiyi nümunələrdəndir:
Bildir uçub bağçanı
Meşə bildi bildirçin.
Arzu çıxıb çığırdı:
– “Çildir, çildir” bildirçin.
Dedi: – Hanı quyruğun?
Mənə bildir, bildirçin.
Bəlkə, pişik qoparıb
Neçə ildir, bildirçin.
Şair uşaq şeirləri R.Əfəndiyev, M.Ə.Sabir, A.Şaiq, A.Səhhət və başqaları ilə başlayan ənənəni poetik bir ustalıqla davam etdirib. Dilinin saflığı, təmizliyi və sadəliyi ilə qələm yoldaşlarından fərqlənib. Adi həyat hadisəsindən qaynaqlanan “Vurağan qoç” şeiri məzmunca dolğun, formaca fərqlidir:
Buynuzları burma-burma,
Vurağan qoç, məni vurma!
Qoç uşağa baxıb durdu,
Buynuzunu daşa vurdu.
Dedi: – Onda, dəcəl oğlan,
Qabağımda gəlib durma...
Şair bu əsərində uşağın dəcəlliyini təsvir etmir. Ancaq şeirdəki poetik fikir qoçun dili ilə deyilən bir sözdən başa düşülür. Göründüyü kimi, şair uşaq ədəbiyyatının meyarlarına söykənərək folklordan ustalıqla bəhrələnib. Əsərlərində nağıl və yanıltmac kimi janrların uşaqlar üçün nə qədər maraqlı və faydalı olduğunu diqqətə çatdırıb.
İlyas Tapdıq uşaq psixologiyasını yaxşı bildiyinə görə onlar üçün qələmə aldığı əsərlərdə estetik-zövqlə yanaşı, dünyagörüşünün zənginləşməsində xidmət edən məqamları vurğulayıb. O, qurama süjetlər, qeyri-inandırıcı əhvalatlar üzərində işləməyib. Çünki buna heç ehtiyacı da yox idi. Axı uşaqlarla yaxından ünsiyyət qurmaqdan zövq alır, onların hər bir hal və hərəkətlərini yaxından müşahidə edirdi. Onların gündəlik həyatından götürdüyü əhvalatları cilalayır və bir-birindən oxunaqlı və təsirli əsərlər ərsəyə gətirirdi.
Müəllifin “Dəmirağac” şeirində təbiətin möcüzələrindən olan bu ağacın xüsusiyyətləri poetik şəkildə açıqlanır. “Bir evim var...” şeirini isə tapmaca janrında yazıb. Onun “Qaçaq dovşan” poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərlərə bənzəmir. Təbiiliyi və orijinallığı ilə diqqəti çəkir. Əsərdə yırtıcı və hiyləgər heyvanlarla dostluq edən dovşanın qoçaq və sayıqlığı düşündürücüdür.
Şairin yaradıcılığında Vətən mövzusu da mühüm yer tutur. Onun 20 Yanvar şəhidlərinə həsr olunmuş “Bir şəhiddir ürəyim” əsəri bu mənada diqqətəlayiq nümunələrdəndir.
50 ildən artıq yaradıcılıq yolu keçən şairin “Bakının gecəsi”, “Kəndimizin çobanı”, “Bulaq başında”, “Gözlər”, “Xumar”, “Arxalı dağlar”, “Bir eşqin şimşəyi”, “Çimnaz oynayır”, “Bir gülün qönçəsi”, “Qızlar... qağayılar”, “Qaçaq dovşan”, “Nağıllı ağaclar”, “Şıltaq günəş”, “Məhəbbət yolları”, “Şeir sevən balalar” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
İlyas Tapdıq tərcümə sahəsində də qələmini sınayıb. Rus dilindən “İki xoruz” (Litva xalq şeiri), V.Suteyevin “Miyo eləyən kim idi?”, M.Zoşşenkonun “Kələkbazlar və ağıllılar”, E.Mejelaytsinin “Dovşan-oğlan”, V.Berestovun “Səhər laylası”, İ.Pivovarovanın “Axşam və səhər” və başqa əsərləri dilimizə tərcümə edib.
Şair uzun müddət “Gənclik” nəşriyyatında fəaliyyət göstərib. Gənc şairlərə qayğı ilə yanaşıb, onların kitablarının çapı üçün köməklik göstərib.
Ömrü yazıb-yaratmaqla keçən şair 25 dekabr 2016-cı ildə vəfat edib.
Savalan Fərəcov