Elman Şeydayev: “Kino sənəti, ilk növbədə, yaxşı ssenari və ifadəli vizuallıqdır”
Əlbəttə, kino xadimi ilə yubiley söhbəti (doğum gününü əvvəldən qeyd etmək olmaz, sonradan qeyd etməyin isə eybi yoxdur) yeni filmin premyerası ilə əlamətdar olarsa, daha yaxşıdır. Amma hər halda bu yaşa gəlib çatmağa və danışılası çoxlu dəyərli xatirələrin olmasına sevinməmək də olmaz.
Elman Dadaş oğlu Şeydayev 1954-cü il oktyabrın 6-da Quba rayonunun Utuq kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram-kino aktyorluğu fakültəsini bitirib. İki il S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışıb. 1978-ci ildə hərbi xidmətə gedib. 1980-ci ildə qayıtdıqdan sonra teatrda fəaliyyətini davam etdirib. Daha sonra kinoya üz tutub – 1981-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi işə başlayıb. 1988-ci ildən bədii filmlərdə ikinci rejissor olub. 2000–2004-cü illərdə “Lider” televiziyasının “Azərbaycan” sənədli filmlər redaksiyasında prodüser kimi də fəaliyyət göstərib. 2005-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bədii filmlərdə işləməklə bərabər, özəl studiyaların film və seriallarının ikinci rejissoru, prodüseri olub.
2018-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Filmoqrafiyasında ikinci rejissor kimi 40-dək bədii, ikinci rejissor və prodüser olaraq iştirak etdiyi 100-dək sənədli film var. Aktyor kimi “Bəyin oğurlanması” (satıcı), “Şeytan göz qabağında” (milis işçisi), “Əlvida, cənub şəhəri” (mühəndis) və s. filmlərdə çəkilib. Qələmə aldığı “Doğma” povesti əsasında “Azərbaycanfilm”də “Ümid” bədii filmi (1995) lentə alınıb. “Qağayı” serialının ssenari müəlliflərindən biridir.
Təcrübəli kino xadimi ilə söhbətimiz çalışdığı müxtəlif filmlərin kadrarxası məqamları üstündə kökləndi. Yeri gəlmişkən, Elman Şeydayev xatirələrini də qələmə alır, kitab halında çap etdirməyi düşünür.
“Qəzəlxan”dan “Yük”ə
Elman müəllim Şahmar Ələkbərovun “Qəzəlxan” filmindən (1991) bəhs etməkdən öncə hər zaman “Şahmar bəy” deyə müraciət etdiyi ölməz sənətkarın müstəsna dərəcədə yüksək mədəniyyət, ədəb-ərkan sahibi olmasını xüsusi vurğuladı. Quruluşçu rejissor filmin finalında Əliağa Vahidin izdihamlı dəfn mərasiminin bədii həllini vermək niyyətində imiş. Lakin belə böyük miqyasda kütləvi səhnə üçün vəsait tapılmayıb. Finalda şairin evdən çıxıb qarlı fonda kadrdan uzaqlaşması epizodu Elman Şeydayevin təklifi ilə Hökməli kəndində çəkilib. Həmin vaxt Bakıya qar yağsa da, Vahidin vaxtilə yaşadığı “Sovetski” məhəlləsinə çox az qar düşübmüş. Ona görə geniş planda qarlı fonu çəkib sonradan montaj üsulu ilə həmin məhəllə effektinin yaradılması məqbul sayılıb və ərsəyə gələn kadr Şahmar Ələkbərovun ürəyincə olub.
Bir də bu filmdə bakılı ləhcəsində danışan obraz üçün sınaq çəkilişlərindən keçən aktyorların heç birinin ləhcəsi Şahmar Ələkbərovu qane etmirmiş. Uzun axtarışlardan sonra Elman müəllimin yadına aktyor Mirzə Ağabəyli düşüb və quruluşçu rejissora onu da sınamağı təklif edib. Bu sınaq Şahmar Ələkbərovu tam qane edib, axtardığını tapıb və hətta növbəti işi olacaq “Yük” filmində Ağa Musa Nağıyev roluna da Mirzə Ağabəylini tam uyğun bilib. Deyib ki, bundan nə Ağa Musa olar!...
Haşiyə. Bu yerdə bir müşahidəm yerinə düşdüyü üçün oxucularla paylaşmaq istəyirəm. Son illər çəkilən filmlərdə belə vacib detallara diqqət ayıran rejissor demək olar ki, yoxdur. Qeydim konkret olaraq Bakı ləhcəsi ilə bağlıdır. Telekanalları irəli-geri çevirdiyim zaman hansısa serialımızda bir epizod diqqətimi çəkdi. Ön planda kifayət qədər tanınmış və istedadlı, əslən bakılı olmayan bir aktyorumuz idi. Bakılı rolunu oynayırdı. Bakı ləhcəsində son dərəcə süni, lağlağı səviyyəsində, yamsılama tonunda danışırdı. Çox məyus oldum. Aktyor ləhcədə belə tam təbii tonda, tamaşaçının onu həmin bölgədən olduğunu zənn edəcəyi dərəcədə ustalıqla danışmağı bacarmalıdır. Lakin rejissor səriştəsizliyi, qeyri-peşəkarlığı olan yerdə aktyor məsuliyyəti kifayət etmir.
***
Qayıdaq Elman Şeydayevlə söhbətimizə və qısaca qeyd edək ki, Şahmar Ələkbərovun işçi adı “Milyonçunun bir günü” olan “Yük” filmini ekssentrik komediya üslubunda çəkmək istəyirmiş. Təəssüf ki, ağır xəstəlik üzündən qırılan ömrü buna vəfa etmədi. Ondan sonra bu filmin həvalə edildiyi Rövşən Almuradlı ilə Elman Şeydayev arasında fikir ayrılıqları olub. Həmsöhbətimin çalışdığı və maraqlı xatirələri yadda qalan növbəti film isə “Bəxt üzüyü”dür (1991).
“Doğrudan da, başıma daş düşdü”
Ramiz Əzizbəylinin “Bəxt üzüyü” filminin ərsəyə gəlməsində quruluşçu rejissorun hər birimizə yaxşı məlum olan improvizə istedadı özünü göstərməyə bilməzdi, buna görə əsas süjetə kiçikhəcmli, amma yaddaqalan əlavələrsiz ötüşməyib. Bu dramatik-yumoristik ekran əsərində tamaşaçıların yaddaşına yazılan məqamlardan biri Söylünün hövlnak qaçaraq gələrkən araq içən iki kişi ilə toqquşması və araq şüşəsinin sınması epizodudur. Həmin kadrda araq içənlərdən biri (Ramiz Əzizbəylinin tərəf-müqabili) Elman Şeydayevdir. Deyir, kino tarixində qalmaq naminə çəkildim o epizoda, sonra işsizlik dövrü gələndə Ramizə zarafatla deyirdim ki, doğrudan da, başıma daş düşdü, aylarla işsiz qaldım...
Kinomuzun gələcəyinə inam
Keçən əsrin 90-cı illərinin ictimai-siyasi dəyişiklikləri səbəbindən tənəzzülə uğrayan kino sahəsinin acınacaqlı halı özünü bu peşədə tapan peşəkar və yaradıcı insana məyusluq gətirib. Vaxtilə 1500-ə yaxın işçisi ilə intensiv film çəkilişləri məkanı olan keçmiş SSRİ-nin ən böyük kinostudiyalarından birinin uzunmüddətli durğunluq halına düşməsi və hələ də bu haldan çıxmamasının kino xadimlərinə necə təsir etdiyini təsəvvür etmək mümkündür. Elman Şeydayev bunu böyük faciə adlandırır. Deyir ki, kinostudiyanın tənəzzül dövrü bir sıra filmlərin ərsəyə gəlməsinə mane olub. Məsələn, 1999-cu ildə Ramiz Əzizbəyli “Ölü kimdi, diri kim?” adlı film çəkməyə hazırlaşırmış, baş rolda da Fuad Poladovu çəkmək istəyirmiş. Daha doğrusu, filmin müəyyən hissəsi hətta çəkilib, amma vəsait çatışmazlığı üzündən iş yarımçıq qalıb.
Həmsöhbətim yeni nəsil kinomuzun yaradıcılarına sənət uğurları arzulamaqla yanaşı, yenilik naminə əllaməlik etməkdən vaz keçməyi, kino sənətinin, ilk növbədə, yaxşı ssenari və ifadəli vizuallıq olduğunu unutmamağı tövsiyə edir. Ən böyük arzusu isə (bu təbii ki, hər birimizin arzusudur) kinostudiyamızın əsaslı təmir edilib çoxlu sayda keyfiyyətli filmlərin çəkiliş məkanı kimi yeni səhifəsini “yazmağa” başlamasıdır...
Samirə Behbudqızı