Xəbər verdiyimiz kimi, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən əcnəbi media nümayəndələri üçün ölkəmizin tarixi-mədəni məkanlarına ekskursiyalar təşkil edilib.
Xarici jurnalistlərin ziyarət etdiyi ünvanlardan biri də “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğu olub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan bildirilib ki, mediatur Qala qoruğunda yaradılmış “Tullantıdan sənətə” muzeyi ilə tanışlıqla başlayıb.
Sonra media nümayəndələri açıq səma altında yerləşən “Qala” arxeoloji-etnoqrafik muzey kompleksini gəzərək XVIII əsrə aid Abşeronun kənd həyatı ilə tanış olub, xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi qədim sənətkarlıq növlərini izləyib, ustad dərslərində iştirak ediblər.
Mediaturun iştirakçılarına qədim Abşeron kəndlərində sakinlərin həyat tərzi, qoruq ərazisindəki memarlıq və arxeoloji abidələr barədə ətraflı məlumat verilib. Qonaqlar COP29 tədbiri çərçivəsində təşkil edilmiş “Qurama Art. Zamanın vəhdəti” sərgisi ilə də tanış olublar.
Qala qoruğuna mediaturlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.