Salyan Dövlət Rəsm Qalereyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Akvarel yağışı” adlı rəsm sərgisi açılıb.

Mərasimdə çıxış edənlər gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar. Bildirilib ki, bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir və bu il çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu sərgi də həmin tədbirlərdən biridir.

Sonra sərgiyə baxış olub. Akvarel texnikasında, natürmort və mənzərə janrında təqdim olunan əsərlərdə gənc və yeniyetmə rəssamlar ana təbiəti, yaşıllıqların qorunmasını, xüsusilə də çiçəkləri təsvir ediblər.

Sərgidə 30 nəfərdən çox rəssamın 40-dək əsəri nümayiş olunub. Sərgi boyu gənc rəssamlar canlı formada rəsm əsərləri yaradıblar. Rəsm sərgisində Salyan Rayon Mədəniyyət Mərkəzi solistlərinin ifasında təbiətə, çiçəklərə həsr olunan musiqilər səsləndirilib.

Sərgi noyabrın 30-dək ziyarət üçün açıq olacaq.