BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 11-22 noyabr tarixlərində Bakıda keçirilən 29-cu sessiyasının (COP29) bir sıra xarici qonaqları paytaxtımızdakı muzeyləri ziyarət edib, maddi-mədəni zənginliklərimizlə tanış olmaq imkanı qazanıblar.

COP29 müddətində ziyarət edilən mədəniyyət ocaqlarından biri də Hüseyn Cavidin Ev-Muzeyi olub. Qətər Dövlətinin Elm və Texnologiya Parkında Qlobal Karbon Şurasının təbiətə əsaslanan həllər üzrə direktoru Voycek Qalinski bu günlərdə böyük ədibin ocağını ziyarət edib.

Qonağa dahi şair-dramaturqun həyat yolu və yaradıcılığı haqqında geniş məlumat verilib. Ədibin “İblis” əsəri haqqında məlumat V.Qalinskinin xüsusilə diqqətini cəlb edib.

Sonda qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Ona Hüseyn Cavidin rus dilində işıq üzü görən seçilmiş əsərlərinin ikicildliyi hədiyyə olunub.